Accessibility links

İran rəsmiləri Təbriz etirazlarında tutulanlardan 147 nəfərin sərbəst buraxıldığını bildirir


Təbriz, sentyabr 2022
Təbriz, sentyabr 2022

İran rəsmiləri ölkədə təqribən üç aydır davam etməkdə olan geniş etirazlarla əlaqədar Təbrizdə saxlanılan vətəndaşlardan 147 nəfərin azadlığa buraxıldığını bildirib.

Rəsmi dövlət agentliyi İRNA-nın xəbərinə görə, Şərqi Azərbaycan vilayətinin ədliyyə idarəsi dekabrın 13-də bu barədə açıqlama yayımlayıb.

Ədliyyə idarəsinin rəisi Musa Xəlilullahiyə istinadən yayılan açıqlamada Təbrizdə son hadisələr ilə əlaqədar saxlanılan 147 nəfər daxil olmaqla, Şərqi Azərbaycan vilayətinin həbsxanalarından 504 nəfərin sərbəst buraxıldığı qeyd edilib.

İRNA daha əvvəl başqa bir xəbərdə keçən bazar günü "məhbusların sayının azaldılması" ilə əlaqədar Təbrizin mərkəzi həbsxanasında bir iclas keçirildiyini bildirmişdi.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi oktyabrın 12-də yaydığı bir açıqlamada Təbrizdəki etirazlar ilə əlaqədar o tarixə qədər təqribən 1700 nəfərin saxlanıldığını önə çəkmişdi.

Vəkil bu məlumatı açıqladıqdan bir neçə gün sonra özü də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təqribən 2 həftə həbsdə qaldı. O, müvəqqəti olaraq sərbəst buraxıldıqdan sonra "nizama qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 6 ay həbs, 2 il ölkədən çıxış qadağası və elektron cihazlarının müsadirə edilməsi cəzasına məhkum edilib.

Təbriz ədliyyəsi ilə bağlı məlumatlara əli çatan bir mənbə Amerikanın Səsinə deyib ki, Təbrizdə keçirilən aksiyalar ilə əlaqədar tutulanların çoxu müvəqqəti olaraq sərbəst buraxılıb, ancaq nəzarət altına alınan yüzlərlə vətəndaş hələ də şəhərin müxtəlif həbsxanalarında saxlanılır.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda hüquq müdafiəçiləri yüzlər etirazçının öldürüldüyü və minlər vətəndaşın həbs edildiyini bildirirlər.

Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu qeyd edir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.

XS
SM
MD
LG