Accessibility links

Dövlət Təhlükəsizliyi Xidməti İranın qanunsuz silahlı birləşməyə cəlb etdiyi şəxsi saxladığını bildirir


Taleh Yusifovu Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb (Rəsmi foto, mənbə DTX)
Taleh Yusifovu Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb (Rəsmi foto, mənbə DTX)

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran ərazisində qanunsuz silahlı birləşməyə cəlb edilimiş Azərbaycan vətəndaşı Taleh Yusifovu həbs etdiyi barədə məlumat yayıb.

DTX bildirir ki, Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

DTX-nın məlumatına görə, ibtidai istintaq zamanı Taleh Yusifovun Azərbaycan vətəndaşlarının İran ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

“Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Yunis Səfərov (2018-ci ilin iyulunda baş verən Gəncə hadisələri bağlı ömürlük həbsə məhkum edilib), Rövşən Əsədov və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib. Taleh Yusifov Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib,” DTX bildirir.

Bununla yanaşı, Taleh Yusifovun vəkili, yaxınları və İranın Azərbaycandakı səfirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına hələ münasibət bildirməyib.

Bu il Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran tərəfindən casusluğa cəlb edilmiş bir neçə Azərbaycan vətəndaşını saxlayıb. Rəsmi məlumatlara görə, Azərbaycanda bir sıra təxribat əməllərində iştirak etmiş və barəsində cinayət işi qaldırılmış bir sıra Azərbaycan vətəndaşları, o cümlədən bu məlumatda adı çəkilən Rövşən Əsədov hazırda İran ərazisində gizlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG