"Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı ailəsi ilə göürüşünə və telefon danışıqlarına istintaq orqanı tərəfindən qadağa qoyulmasından narahatdır.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev jurnalistlə görüşündən sonra Amerikanın Səsinə bildirib.
Vəkilin sözlərinə görə, jurnalist həbs ediləndən sonra onunla bağlı hər hansı istintaq hərəkəti də aparılmayıb.
Xatırladaq ki, jurnalist qadağalara görə istintaq orqanını məhkəməy versə də onun vəsatəti təmin edilməyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.
Rüşvət ittihamı "Baku Steel Company" MMC - poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV" rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. "Xural TV" rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulub.
Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.
Elçin Sadıqov sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.
Bu il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Əvəz Zeynallı haqqında həbs qətimkan tədbirinin müddətini aprelin 8-dək uzadıb.