Accessibility links

Jurnalist İstintaq İdarəsini məhkəməyə verib


Əvəz Zeynallı (Arxiv foto, mənbə VOA)
Əvəz Zeynallı (Arxiv foto, mənbə VOA)

Həbsdə olan jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsini məhkəməyə verib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsi jurnalistin ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyət qoyub.

"Oktyabrın 26-da biz vəkillər Baş Prokurorluğun İstintaq İdarəsinin bu qərarının aradan qaldırılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etdik" , vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əvəz Zeynallının saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

"Onun gözündə problemlər var. Həkimlər müayinə edir. Çox yəqin ki, yaxın zamanda gözündə cərrahi əməliyyat keçiriləcək" , vəkil qeyd edib.

Öz növbəsində, jurnalistin həyat yoldaşı Məlahət Zeynallı Amerikanın Səsinə bildirib ki, onun səhhətindən narahatdır.

"Əvəz Zeynallı həbs edildikdən sonra onunla görüşə bilmirik. Ailəsi ilə telefon danışığına da imkan verilmir. O, şəkər xəstəsidir və gözlərində problem var" , Məlahət Zeynallı Amerikanın Səsinə deyib.

Baş Prokurorluğun mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, hər bir kəsin istintaq orqanının qəbul etdiyi qərardan məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququ var.

"Tərəfimizdən bununla bağlı əlavə şərh verilə bilməz" , mətbuat xidməti bildirib.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

"Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq" , səfirliyin mətbuat katibi qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG