Accessibility links

Məlikkəndi sakini olan iki etirazçı girov müqabilində sərbəst buraxılıb


İqbal Fərəci və Əkbər Yusifi
İqbal Fərəci və Əkbər Yusifi

İranın Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlekan) şəhərindən olan İqbal Fərəci və Əkbər Yusifi Marağa həbsxanasından müvəqqəti olaraq zaminə buraxılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və Ərk cəmiyyətinin məlumatına görə, İqbal Fərəci və Əkbər Yusifi məhkəmənin son qərarına qədər müvəqqəti olaraq, girov qarşılığında zaminə buraxılıblar.

Məlikkəndidən olan bu iki etirazçıya qarşı irəli sürülən ittihamlarla bağlı məlumat verilməyib.

Əkbər Yusifi ötən il dekabrın 2-də, İqbal Fərəci isə yanvarın 2-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Ailəsi ilə əlaqə saxlamağa icazə verilmədiyi üçün Yusifinin saxlandığı müddətdə səhhətinin vəziyyəti ilə bağlı məlumat verilməyib.

Fərəci isə həbs edildikdən sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb və dindirilib.

İqbal Fərəcinin anası Rüqəyyə Calali oğlunun həbsindən sonra yayımladığı bir videoda ölkə rəsmilərinin oğlunun durumu ilə bağlı cavabdehlik daşımadığını və övladının vəziyyəti və harada saxlanması barədə rəsmilərdən heç bir məlumat ala bilmədiyini bildirmişdi.

Hər iki məhbus təhlükəsizlik qüvvələrin təcridxanasında dindirildikdən sonra Şərqi Azərbaycan vilayətində yerləşən Marağa Həbsxanasına koçürülmüşdü.

Ölkədə baş verən son aksiyalarda İran Azərbaycanının kütləvi etiraz aksiyalarının keçirildiyi şəhərlərindən biri də Məlikkəndi olub. Nümayişlər zamanı şəhərdə bir çox etirazçının həbs edildiyi bildirilir.

İran Azərbaycanında etiraz aksiyalarında həbs edilən bir çox məhbusun müvəqqəti azadlığa buraxılmasının qarşısı alınır. Bir çox hallarda onlar nəzarətdə dindirilmə zamanı vəkilə çatım hüququ və ailəsi və yaxınları ilə əlaqə saxlamaq hüququndan məhrum edilir.

XS
SM
MD
LG