Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev quru aclığa keçib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

39 gündür həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin bu gün quru aclığa keçib.

Bu barədə Hacıyevlə fevralın 16-da telefonla danışdıqdan sonra vəkil Aqil Layıc məlumat yayıb.

"İndicə Bəxtiyar Hacıyev zəng etmişdi. Penitensiar Xidmətin Müalicə müəssisəsində ona qarşı olan rəftardan çox narazıdır. Ombudsmana və ailəsinə zənglərinə məhdudiyyət qoyublar. Aidiyatı yerlərə yazdığı ərizəiləri qəbul etmirlər, valideyni ilə bu gün görüşə imkan verməyiblər. Hədsiz dərəcədə psixoloji təsir altındadır. Dedi ki, bu gün günortadan etibarən quru aclığa keçib və bununla bağlı ərizəsini belə qəbul etmirlər. Deyir Müalicə müəssisəsində davranışları ilə canını boğazına yığıblar. Ombudsman, Ədliyyə Nazirliyi Bəxtiyarın məsələsinə dərhal reaksiya verməyinizi xahiş edirəm. Artıq bütün olanlara görə quru aclığa keçməsi faciəni daha da yaxınlaşdırır. Öldürməyin, azad edin…" , vəkil Facebook səhifəsində qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq hələ mümkün olmayıb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 39 gündür aclığı davam etdirir. O özünün və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Fevralın 15-də müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşdən sonra vəkil Bəxtiyar Hacıyev Amerikanın Səsinə deyib ki, fəalın vəziyyəti ağır olaraq qalır, onun çəkisi artıq 68 kiloqramdan azdır (saxlanıldığı zaman 84,5 kq idi).

"Təzyiqi və qanda şəkər səviyyəsi aşağı olduğuna görə tez-tez başgicəllənmələri olur", vəkil qeyd edib.

Fəal, həmçinin darısqal, havalandırılmayan otaqda saxlanma şəraitindən və açıq havaya çıxarılmamasından şikayət edib.

"Bəxtiyar Hacıyev hələ də tibbi yardımdan, xüsusən qidalandırıcı maddələrlə sistem qoşulmasından imtina edir. Digər tərəfdən, Penitensiar Xidmətin Müalicə Müəssisəsində onu normal müayinə etmirlər. O, professor Adil Qeybullanın ona baş çəkməsini xahiş edib", vəkil Hacıyevə istinadən Amerikanın Səsinə deyib.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG