Accessibility links

Zahid Oruc: Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet hədəfi olmalıdır


Zahid Oruc: Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet hədəfi olmalıdır
please wait

No media source currently available

0:00 0:14:39 0:00

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Amerikanın Səsinə müsahibəsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin aclıq aksiyası, ədliyyə-hüquq sistemində islahatlar, korrupsiyaya qarşı mübarizədən danışıb.

Amerikanın Səsi: İlk öncə Bəxtiyar Hacıyevlə bağlı sual vermək istəyirəm. İnsan hüquqları fəalı kimi təqdim edilən Bəxtiyar Hacıyev artıq 38 gündür aclıq edir. Münasibətiniz necədir? Komitə sədri kimi bu problemin həllinə kömək etmək fikrindəsinizmi?

Biz dövlət, hökumət orqanları, həm də digər təsisatlarla, o cümlədən məhkəmə sistemi ilə Bəxtiyar Hacıyevlə bağlı müəyyən danışıqların içərisindəyik.   

Zahid Oruc: Məsələnin ictimai-siyasi həyatda müxtəlif dairələr tərəfindən, o cümlədən beynəlxlaq uzantılarını göz önünə gətirdikdə, bunun hazırkı dövrdə Azərbyacan gündəliyində birinci yerdə qalmasını qətiyyən istəmirik. Bu mənada aclıq aksiyasının dayandırılmasını, məsələnin hüquq müstəvisində çözülməsinin tərəfindəyik. Bəxtiyar bəy təkcə ictimai deyil, eləcə də siyasi fəaldır. Çox aktiv bir şəkildə ölkənin siyasi həyatına bağlı reaksiyalarını, mövqelərini təqdim edir. Bu, onun konstitusion hüququdur. Digər tərəfdən, o eyni zamanda müəyyən bir beynəlxalq əlaqələrə malikdir. Buradan onun immuniteti yaradılıb. Onu sanki güclü bir səviyyədə müdafiə edirlər. Həm də Azərbaycana qarşı təzyiqlərin bir elementinə çevrilib. Bütün bu momentləri nəzərə alanda biz məsələnin belə gərgin, dramatik və tərəflərin hikkə səviyyəsində deyil, daha başqa vasitələrlə çözülməsinin üzərindəyik. İnsan haqları komitəsinin sədri kimi Şərq Tərəfdaşlığı Milli Platforması, ayrı-ayrı üçüncü sektor təmsilçiləri, insan haqları üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri dəfələrlə mənimlə görüşlərdə olublar. Biz dövlət, hökumət orqanları, həm də digər təsisatlarla, o cümlədən məhkəmə sistemi ilə bu məsələ ilə bağlı müəyyən danışıqların içərisindəyik.

Amerikanın Səsi: Bu məqamda Azərbaycanda ədliyyə-hüquq sistemini ədalətli hesab etmək olarmı? Ədliyyə-hüquq sistemində islahatların dərinləşdirilməsi zərurəti varmı?

İctimai rəydə məhkəmə sisteminə qarşı çox ciddi narazılıq, tənqidi mövqelər var.       

Zahid Oruc: Sualınızın ikinci hissəsi mənə daha çox doğmadır. Çünki, ötən on illər ərzində müəyyən təkmilləşmənin olduğunu vurğulasaq da, onu bir neçə indikator, parametr əsasında müəyyənləşdirə bilərdik. Amma reallıq ondan ibarətdir ki, əgər qeyd etdiyiniz islahatlar əsaslı və zəruri olmasa idi, ölkə rəhbəri tərəfindən 2017 və 2019-cu illərdə bu sistemdə islahatların dərinləşdirilməsi ilə bağlı çox mühüm proqram xarakterli sərəncam və fərmanlar verilməzdi. Orada hüquq sistemində dekriminallaşmadan, cəza sisteminin humanistləşməsi tədbirlərindən danışılır. Hansı ki, Azərbaycanda əksər hallarda biz məhkəmə qərarlarının ən sərt tədbirlərdən ibarət olduğunu qeyd edirdik, o cümlədən vətəndaşın hüquqi müdafiəsinin qanunvericilik səviyyəsində təmin olunmadığından danışırdıq, vəkillik sistemindən, vəkillərin, o cümlədən hakimlərin sayının (bilirsiniz ki, bizdə bu altı yüzə yaxındır) azlığından danışırdıq. Halbuki əhalinin hər yüz min nəfərinə düşən vəkillərin və hakimlərin sayına görə biz heç də ölkəmizim qələbəsinə, nailiyyətlərinə, iqtisadi uğurlarına uyğun olmayan yerdəyik. Bu özü vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm bir parametrdir. Ona görə də islahatların dərinləşməsinə çox ciddi ehtiyac var. Mənim təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi bir neçə dəfə məhkəmə sisteminə Azərbaycan cəmiyyətində ona olan etibarı ölçməyə çalışıbdır. Müxtəlif hakimiyyət institutlarından bu mövqeləri alırıq. İctimai rəydə məhkəmə sisteminə qarşı çox ciddi narazılıq, tənqidi mövqelər var.

Amerikanın Səsi: Ölkədə əksər hallarda məhkəmə qərarları istintaqın gəldiyi nəticələrlə üst-üstə düşür. Nədənsə məhkəmələrin bəraət hökmlərinə nadir hallarda rast gəlinir. Sizcə istintaq orqanları səhvsiz işləyir, xətalara yol vermir ki, məhkəmələrlə onların qərarları adətən eynilik təşkil edir? Məhkəmələrin qərarlarına təsir edən başqa hansı amillər ola bilər?

2004-2014-cü illər ərzində verilən bəraət qərarlarının, hökmlərin sayı cəmi 134-dür. Təsəvvür edin ki, bu hədsiz kiçik bir rəqəmdir.

Zahid Oruc: Düzgün yanaşmadır. Doğru müşahidədir. Görünür ki, uzun illərin situasiyasını analiz edibsiniz. Söylədiyiniz fikri mən statistik rəqəmlə də möhkəmləndirə bilərəm. 2004-2014-cü illər ərzində verilən bəraət qərarlarının, hökmlərin sayı cəmi 134-dür. Təsəvvür edin ki, bu, hədsiz kiçik bir rəqəmdir. Amma bu istənilən bir Avropa ölkəsində, Avropa arialında faiz ölçüsçündə məhkəmə qərarlarının minimum 8-10 faizindən başlayır, elə ölkələr var ki, 30 faizin üzərindədir. Apellyasiya və Ali Məhkəməyə gələn işlərin 90-95 faizi o şəkildə təsdiqlənirsə, deməli vətəndaş üç instansiyada özünün hüququ təminatını qoruya bilmir. Lakin burada görülməli olan işlər həm istintaq mərhələsindədir, ekspertiza institutlarındadır. Çox təəssüflər olsun ki, istər Ədliyyə Nazirliyinin yanında, istərsə də tibbi ekspertizalarda çox ciddi problemlərin olduğunu biz bilirik. Ancaq məsələyə belə baxdıqda hüquqi maarifçilikdən tutmuş, vəkil institutunun vətəndaşın təminatı ilə bağlı məsələlər var. Bəraətlərlə bağlı hakimlər əksər hallarda ona qədərki mərhələdə istintaqda görülmüş işi geriyə çevirərsə, bu müstəntiqlərin və ondan əvvəlki hakimlərin sanki bir məsuliyyətini yaradır deyə bir reallıq formalaşdırır. Bu, daşlaşmış bir gerçəkliyə çevrilib. Çox da təəssüf doğurur. Halbuki bəraət hökmlərinin sayı və yaxud icrasının dayandırılma mərhələsində olan işlərlə əlaqədar olan parametr istənilən məhkəmə sisteminin ən böyük nailiyyəti sayılmalıdır. Nəinki əksinə. Ona görə də mən çox arzulayıram ki, qarşıdakı dövrdə biz bu sistemdə aparılan islahatlar nəticəsində bəraət hökmlərinin sayının çox əsaslı, kəskin şəkildə artdığını görək.

Amerikanın Səsi: Ədliyyə orqanlarının rəsmi şəxsləri, o cümlədən siz ölkədə 1 milyon 200 minədək məhkəmə qərarının icrasını gözlədiyini bildiribsiniz. Dövlət adından çıxarılan qərar və qətnamələrin icra edilməməsinin səbəbləri nədir?

1 milyon 200 min məhkəmə qərarı öz icra növbəsini gözləyir.

Zahid Oruc: Gerçəkdən də biz Yasamal rayon məhkəməsində mühüm bir tədbirdə ədliyyə orqanları işçilərinin peşə bayramı ərəfəsində görüşərkən, orada müxtəlif hakimiyyət institutlarının təmsilçiləri var idi, bilavasitə həmin qərarları icra edən qurumun rəhbəri qeyd etdiyiniz rəqəmi söylədi və bunu mötəbər saya bilərik. Ancaq bu, gerçəkdən də hüquqi işlərimizdəki durumu sübut edən, yəni hüquqi vəziyyətin ən mühüm əmsalı, parametri sayıla bilər. Qeyd etdiyiniz kimi dövlət adından çıxarılan qərarların hələ keyfiyyəti bizim tərəfdən dəyərləndirilmir, mübahisələndirmirik. Biz onu söyləyirik ki, hər hansı bir şəraitdə çıxarılan qərar icra olunmursa bu vətəndaş tərəfindən dövlətə münasibətdə çox əsaslı rol oynayır. Deməli ki, öz növbəsini gözləyən nə qədər vətəndaşın iqtisadi, sosial, hüquqi, mülkiyyət və sair xarakterli işləri var. Bu necə ola bilər? Səbəb ilk növbədə ondan qaynaqlanır ki, birinci növbədə bizdə qərarların icra sistemi, özəl institutlar formalaşmayıb. Proses daha çox dövlət qurumlarının üzərindədir. Siz baxacaqsınız, hər rayonda məhkəmə qərarlarının icrasına cavabdehlik daşıyan üç-dörd nəfər var. Onların üzərində minlərlə iş daşınır ki, bu axarda 1 milyon 200 min iş öz növbəsini gözləyir. Köklü, kəskin, sərt tədbirlərə ehtiyac var ki, özəl sektor bu işi üzərinə götürsün və bu vəziyyət dəyişsin.

Amerikanın Səsi: Son zamanlar korrupusiya hüquqpozmaları cinayəti ilə bağlı bir sıra yüksək vəzifəli şəxs həbs edilib. Maraqlıdır ki, nazir müavini, nazirliyin idarə rəisləri büdcə vəsaitələrinin mənimsənilməsi, rüşvət ittihamları ilə həbs edilir, ancaq nazirlərə qarşı ittiham verilmir. Yəni nazirlər qonşu otaqlarında oturan müavinlərinin, idarə rəsilərinin cinayət əməllərindən bixəbərdirlər?

Biz onlarla naziri qarşıdakı dövrdə sərt bir şəkildə cəzalandırsaq da institusional tədbirlər getmədən ictimai nəzarət mexanizmləri gücləndirilmədən, media institutlarımızın obyektiv mövqeləri ortada olmadan, parlament hakimiyyətinin proseslərə qatqısını almadan, yəni daha sistem xarakterli tədbirləri görmədən korrupsiyanın kökünü kəsə bilmərik.

Zahid Oruc: Əsla, bixəbər deyil. Heç şübhəsiz ki, onlar məsuliyyət daşıyırlar. Mən zənn edirəm ki, bu sözü belə söyləsək ki, möhtərəm cənab prezident tərəfindən ötən illər ərzində komanda üzvlərinə, hökumət təmsilçilərinə siyasi dözümlü bir münasibət olub. 2019-cu ildə biz aparılan sərt tədbirləri əvəvlcə islahat, sonra yeni kurs, ardınca bunu yeni hakimiyyət quruculuğu adlandırdıq. Burada sistem dəyişiklikləri, konstitusion islahatlar xarakterli tədbirlər mövcuddur. Həm də idarəetmənin keyfiyyəti, ona yanaşmalar, kriteriyalar, prinsiplər dəyişib. Ölkə rəhbəri kifayət qədər, xüsusilə də özəl sektora müdaxilələr, icra hakimiyətlərinin özbaşınalığı və sairələri vurğulamaqda idi. O dövrdə biz gördük ki, siz media orqanlarının "həbs olunan aşağı ranqlı təmsilçilərdir", "bu, korrupsiyaya qarşı mübarizə deyil" yanaşmalarınızın axarında artıq səkkizədək icra hakimiyyəti rəhbəri həbsə məruz qaldı. Bunlar yüksək ranq təmsilçiləridir. Ardınca bu ali icra orqanları sisteminə şamil edildi. Biz hökumət təmsilçilərini orada gördük. Xüsusilə bilirsiniz, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sairə. O cümlədən nazir kimi də əmək və əhalinin sosial müdafiəsi nazirinin özü də həbsə məruz qaldı. Burada biz Beynəlxalq Bankın rəhbərini də qeyd edə bilərik. Başqa strukturlarda da bu cür korrupsiya cinayətləri, korrupsiya hüquqpozmalarının predmetini görürük. Ancaq düşünürəm ki, yalnız inzibati tədbirlər burada səmərə verməyəcək. Biz onlarla naziri qarşıdakı dövrdə sərt bir şəkildə cəzalandırsaq da, institusional tədbirlər getmədən ictimai nəzarət mexanizmləri gücləndirilmədən, media institutlarımızın obyektiv mövqeləri ortada olmadan, parlament hakimiyyətinin proseslərə qatqısını almadan, yəni daha sistem xarakterli tədbirləri görmədən korrupsiyanın kökünü kəsə bilmərik. Lakin tam mötəbərliklə deyirəm, məsələn 6,5-7 milyard manata yaxın vəsait həmişə dövlət satınalmaları sektoruna yönəlir. Keçmişdə bunlar, yəni korrupsiya cinayətləri hər bir nazirliyin çevrəsində yaradılmış müxtəlif şirkətlərin, firmaların üzərindən törənməkdə idi. Dövlət vəsaitlərinin külli miqdarda talanması ən çox burada özünü göstərməkdə idi. İndi iddia etmirəm ki, tender və ya kotirovkalar hamısı çox şəffaf keçirilir. Lakin fakt ondan ibarətdir ki, bütün dövlət qurumları prosesə cəlb olunublar. Siz, media institutu rahatlıqla tender.gov.az saytından on milyonlarla vəsaitin hansı sahələrə necə yönəldiyini görürsünüz. Bu, ayrı bir məsələdir ki, onlar necə icra olunur? Orada cinayətlər varmı, yoxmu? Heç şübhəsiz ki, var. Amma köklü dəyişən məsələlərdən biri prezidentin artıq dözüm limitinin ortadan qalxmasıdır. Ölkə rəhbəri indi öz komanda üzvlərinə ona xəyanət edən, uzun illər müxtəlif cinayətlər törədən şəxslərə qarşı daha sərt tədbirlərdədir. Məsələn, gördüyünüz kimi yeni təyin olunmuş nazir də çox qısa bir dövrdən sonra öz vəzifəsindən azad olundu. Ona görə də ölkə rəhbəri deyirdi ki, biz 21-ci əsrin tələbləri çərçivəsində fəaliyyət aparmalıyıq. 2020-ci ildə müqəddəs savaşdan sonra Azərbaycanda idarəetmə sisteminə tələblər artıb. Qalib xalq özünün məmurundan daha maksimalist, yaxşı yaşaması üçün istəklərdə bulunur. Ona görə də korrupsiyaya qarşı mübarizə bundan sonrakı dövrdə hökumətin, dövlətin ən başlıca prioritet hədəfində olmalıdır.

Amerikanın Səsi: Bu halda Azərbaycan prezidenti 2005-ci ildə imzaladığı sərəncamla Nazirlər Kabinetinə vəzifəli şəxslərin gəlir bəyannaməsinin nümunəsini hazırlamaq barədə tapşırıq verib. Bu nümunə indiyədək hazırlanıb prezidentə təqdim edilməyib və bu səbəbdən vəzifəli şəxslər gəlirlərini bəyan etmir. Sizcə bu korrupsiya hallarının artmasına şərait yaratmırmı?

Gəlirlərin deklarasiyası ilə bağlı məsələ nəhayət praktikada özünün tətbiqini tapmalıdır.

Zahid Oruc: Yaradır. Heç şübhəsiz ki, ötən on illər ərzində qeyd etdiyiniz qanunun işləməməsi hökumətin, biz hakimiyyətin, o cümlədən parlament institutunun üzərinə düşən mühüm tələblərdən biridir. Doğrudur ki, gəlirlərin deklarasiyasının təqdimatı bu və ya digər formada hər bir məmurun həyat fəaliyyətini, onun imkanlarını, durumunu izləməyin, tədib etməyin ən yaxşı vasitələrindən biridir. O da həqiqətdir ki, keçmiş sovet məkanında, məsələn, Ukrayna bunu tətbiq etdi, o cümlədən sosialist düşərgəsinə daxil olan ölkələrin bir çoxunda tətbiq edildi. Biz orada şahid olduq ki, müxtəlif şəxslər özlərinin gəlirlərini ayrı-ayrı adamların adına keçirməklə belə demək mümkündürsə, rəsmiləsdirirlər. Bu da son mexanizm olmur. Ancaq bu, qətiyyən əsas vermir ki, biz üzərindən 18-19 il keçəndən sonra, 2023-cü ildə onu tətbiq etməyək. Həqiqətən də məmurlar sabiqə çevriləndə biz onların hamısının müxtəlif cinayət törətdiklərini qeyd edirik. Sabit, normal simalı ənənə yaranarsa gələcəkdə məmurun fəaliyyətinə bir məktəb kimi nümunə olaraq yanaşılması üçün və indiki ənənəyə son qoymaq üçün onlar öz gəlirlərinin üzərində legitimlik qazanmalıdırlar. Xalq da onlara haqq verər. Bax bunun özü də sosial, siyasi sabitliyin, qeyd etdiyiniz sosial sülhün mühüm elementlərindən biridir. Yəni şəffaflıq olarsa, vətəndaş hansısa ərazilərdə ucalan villaları korrupsiya pullarının elementi hesab etməz. Məhz buna görə də gəlirlərin deklarasiyası ilə bağlı məsələ nəhayət praktikada özünün tətbiqini tapmalıdır. Bu, hökumətin xalq qarşısında şəffaf hesabatlılığının ən mühüm elementlərindən biri olmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG