Türkiyədə olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri bu ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə xilasedicilər indiyədək Kahramanmaraş və Hatay bölgələrində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Fevralın 19-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə görüşü zamanı deyib ki, Azərbaycanın xilasediciləri günün 24 saatı Kahramanmaraşda "qardaşlığın ən böyük nümunəsini göstərir".
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 12 505 ədəd qızdırıcı və texniki avadanlıq, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib.
Bundan başqa, Azərbaycan qardaş ölkəyə kömək üçün 21 367 000 AZN maddi yardım ayırıb.
Eyni zamanda, təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib.