Accessibility links

Rusiya-Ukrayna müharibəsinin bir ili - Azərbaycandan ekspert baxışları


Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin bir ili tamam olur. Ekspertlər müharibənin qlobal və regional təhlükəsizik sistemində ciddi dəyişikliklərə səbəb olduğunu bildirir. Müharibə həm Ukrayna, həm də Rusiyada böyük insan itkilərinə səbəb olub. Eyni zamanda dünyada böyük güc mərkəzləri arasında münasibətlər daha da gərginləşməkdə davam edir.

Amerikanın Səsi Rusiya-Ukrayna müharibəsinin bir il ərzində hansı yeni çağırışlara səbəb olması, qlobal təhlükəsizlik sistemindəki problemlər, həmçinin Amerikanın qlobal təhlikəsizlik sisteminə töhfələri ilə bağlı Azərbaycandan baxışları təqdim edir.

Şahin Hacıyev
Şahin Hacıyev

Şahin Hacıyev: Rusiya-Ukrayna müharibəsi dünyada Amerikanın rolunu xeyli artırıb

Turan İnformasiya Agentliyinin Siyasi redaksiyasının redaktoru, siyasi şərhçi Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizlik sistemində çox ciddi dəyikliklərə səbəb olub.

Dünyada böyük dövlətlər arasında artıq balans qüvvəsi dəyişib. Rusiya dünyada təklənib, zəifləyib, NATO güclənib.
Şahin Hacıyev, siyasi şərhçi

"Dünyada böyük dövlətlər arasında artıq balans qüvvəsi dəyişib. Rusiya dünyada təklənib, zəifləyib, NATO güclənib. Rusiyanın normal, stabil bir dövlət kimi perspektivi xeyli azalıb və proses hələ tamamlanmayıb".

Siyasi şərhçi hesab edir ki, eyni zamanda Qərbin birliyi artıb və Qərbdə Rusiya təhlükəsi anlayışı bərpa olunub.

"Bütün qərb dünyası anladı ki, Rusiyadan gözlənilməz, ağlasığmaz, qeyri-adekvat hərəkətlər gözləmək olar. Bu o deməkdir ki, qərblə Rusiyanın əməkdaşlığı tamamilə pozulub və Rusiyada siyasi rejim dəyişməyənəcən əvvəlki formaya heç vaxt qayıtmayacaq".

Hacıyevin qənaətincə, müharibə, həmçinin dünyada Amerikanın rolunu xeyli artırıb.

"Qərb ölkələri, Avropa anladı ki, Amerikasız onlar zəif olacaqlar, təklənəcəklər. Amerika həm də Qərb ölkələrinin birliyini möhkəmlədən bir faktor oldu. O ki, qaldı bu prosesin ətrafında olan ölkələrə, sirr deyil ki, Rusiyaya bağlı olan, Rusiyadan asılı olan ölkələr ondan iqtisadi və hərbi cəhətdən uzaqlaşmağa çalışacaqlar. Çünki Rusiyanın yaratdığı təhlükəsizlik sistemi özünü doğrultmur və o get-gedə öz müttəfiqlərini itirir. Ümumən bir illik müharibənin nəticəsi belədir", o qeyd edib.

Hacıyev Amerika prezidenti Co Baydenin Ukraynaya səfərindən danışarkən deyib ki, bu səfərin indiyənədək presedenti olmayıb.

"Co Baydenin Ukraynaya səfəri o deməkdir ki, müharibə nə qədər davam edəcəksə, Amerika Ukraynaya dəstəyindən dönməyəcək. Bu da 21-ci əsrdə dünyada ən ciddi geosiyasi dəyişklikdir. Həm də Ukrayna NATO üzvü olmasa da NATO dövlətləri tərəfindən ciddi hərbi dəstək alır. Eyni zamanda Avropa İttifaqı Ukraynanı sıralarına qəbul etmək və gücləndirmək addımı atır. Bu müharibənin təsirlərindən biri də odur ki, keçmiş SSRİ respublikaları bir-bir Rusiyanın təsirindən çıxır. Onlardan ikisi, Ukrayna və Moldova artıq Avropa ilə birləşir", Şahin Hacıyev belə düşünür.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: Müharibə Putin rejiminin çökməsinə gətirib çıxaracaq

Milli Məclisin keçmiş sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi 1991-ci ilin sonunda, SSRİ dağılandan sonra beynəlxalq birliyin, Qərbin yeni vəziyyətə hazır olmamasının daha bir sübutudur.

"Yəni Qərbin ABŞ başqa olmaqla yeni müstəqil dövlətlərə qarşı, ümumiyyətlə dünya siyasətində, münasibətlərində yol verdikləri yanlışlıqlar, avtoritar rejimlərin, təhlükəli rejimlərin nazı ilə oynamaq siyasəti ona gətirib çıxardı ki, 2008-ci ildə Putin rejimi Gürcüstana təcavüz etdi və Gürcüstanın torpaqlarını işğal etdi. 2014-cü ildə Krım və Donbasda hadisələr oldu və Krım ilhaq olundu. 2022-ci ildə bu ilhaq prosesi Donbası da əhatə etdi və 24 fevralda Putin rejimi dünyanı dəyişən bir müharibəyə başladı".

İsa Qəmbər hesab edir ki, bu müharibə böyük bir cinayətdir.

"Bu həm də Rusiyanın zəifləməsinə və Putin rejiminin çökməsinə gətirib çıxaracaq. Eyni zamanda bu müharibə dünya təhlükəsizlik sisteminin sıradan çıxmasını və yeni dünya düzəninin zəruri olamsını ortaya qoyan bir hadisədir".

Onun fikrincə, ötən bir il dünyada təhlükəsizlik sistemi ilə bağlı proqnozların düzgün olduğunu bir daha təsdiq edib.

Müharibə dünya təhlükəsizlik sisteminin sıradan çıxmasını və yeni dünya düzəninin zəruri olamsını ortaya qoyan bir hadisədir.
İsa Qəmbər, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri

"Yəni Rusiya uğur qazana bilmədi. Ukrayna xalqı Rusiyanın işğal siyasətinə qəhrəmancasına müqavimət göstərdi. Dünya birliyi də Ukraynaya günbəgün artan dəstək verməyə başladı. Bu dəstək həm silah-sursat sahəsini, həm ciddi maliyyə yadımını əhatə edir, həm də Rusiyaya sanksiyalar tətbiq etməklə, Rusiyanın güclənməsini və müharibəni udmaq şansını məhdudlaşdırır. Bu proses həm də getdikcə dərinləşir. Bir illik müddət gösərdi ki, Rusiyanın məğlubiyyəti və Putin rejiminin çökməsi daha labüd bir hala gəlməkdədir", o qeyd edib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri hesab edir ki, ABŞ prezidentinin səfəri Ukraynaya dəstəyin güclənən xətlə davam edəcəyini göstərir.

"Co Baydenin Kyivə səfəri və onun bəyanatları, NATO-un Şərqi Avropa blokuna verdiyi dəstək sübut edir ki, Qərbin Ukraynaya dəstəyi və Rusiyaya müqaviməti güclənən xətlə davam edəcək. Bütün bunların nəticəsində yeni təhlükəsizlik düzəninin yaradılması qaçılmaz olacaq. Beynəlxalq birliyin bu mürəkkəb məsələnin öhdəsindən neəc gələcəyini biz yaxın illərdə bir yerdə müşahidə edəcəyik. Amma, təbii ki, biz hamımız ədalətli və dayanıqlı bir yeni dünya düzəninin yaranmasına töhfə verməyə çalışmalıyıq", Milli Məclisin keçmiş sədri qeyd edib.

Asim Mollazadə
Asim Mollazadə

Asim Mollazadə: Co Bayden səfəri ilə Ukraynanın azadlıq mübarizəsinə dəstək ifadə edib

Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə deyib ki, Rusiya-Ukrayna müharibəsinin çox acı nəticələri olacaq.

"Bir ildə çox böyük tələfatlar var. Ən acı odur ki, mülki insanlar, uşaqlar, qadınlar bu müharibənin qurbanları olub. Müharibə dayandırılmalıdır. Hər bir ölkənin öz ərazi bütövlüyünü qorumaq hüququ var. Ukrayna da bu gün ərazi bütövlüyü uğrunda döyüşür".

O, Amerika prezidentinin Ukrayna səfərindən danışarkən deyib ki, Co Bayden səfəri ilə Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və azadlıq uğrunda mübarizəsinə dəstək ifadə edib.

BMT-nin nizamnaməsində böyük dəyişikliklərə ehtiyac var. Eyni zamanda ilk növbədə BMT Təhlükəsizlik Şurasının formatı dəyişdirilməlidir.
Asim Mollazadə, Milli Məclisin deputatı

Deputat hesab edir ki, dünyada ənənəvi təhlükəsizlik sistemi çox zəifdir.

"Hazırki təhlükəsizlik sistemi iyirminci əsrin ortalarına hesablanıb. Bu sahədə çox ciddi işlər görmək lazımdır. Çalışmaq lazımdır ki, beynəlxalq hüquq normaları bərqərar olsun. Təhülkəsizliklə bağlı addımlar beynəlxalq hüquq normaları çərçivəsində əksini tapmalıdır. Azərbaycan məhz otuz ildir ki, beynəlxalq hüquq normalarına hörmətsizliyin qurbanı olub. Yüz minlərlə qaçqınlarımız öz evlərinə qayıda bilmir. Bu gün də biz görürük ki, haqq-ədalətin yerinə siyasi oyunlar oynanılır".

Mollazadənin fikrincə, beynəlxalq təhlükəsizlik sisteminin üzərində çox ciddi iş aparılmalıdır.

"BMT-nin nizamnaməsində böyük dəyişikliklərə ehtiyac var. Eyni zamanda ilk növbədə BMT Təhlükəsizlik Şurasının formatı dəyişdirilməlidir. Hər bir dövlətin ərazi bütövlüyü mütləq müdafiə olunmalıdır. Biz görürük ki, vaxtaşırı böyük dövlətlərin hərbi müdaxiləsi olur və BMT-nin qərarları da hüquq normalarına əsaslanmır", deputat qeyd edib.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov: Rusiya-Ukrayna müharibəsi yeni beynəlxalq təhlükəsizlik sisteminin yaranmasını gündəmə gətirib

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə deyib ki, müharibənin başlanmasından bir il keçsə də, Rusiyanın müharibəni hansı səbəbdən başlatdığı hələ də bəlli deyil.

"Müxtəlif mərhələlərdə müxtəlif səbəblər və hədəflər bəyan olunur. Amma bunların heç biri uzunmüddətli olmur və baş verənlər həmin bəyanatların özünü doğrultmadığını göstərir".

Keçmiş nazir deyib ki, reallıqda müharibə nəticəsində həm Rusiya, həm də Ukrayna ciddi şəkildə zəifləyib.

"Bəllidir ki, müharibə nə Rusiyanın, nə də Ukraynanın xeyrinədir".

O hesab edir ki, qlobal təhlükəsizlik sistemi heç zaman işləməyib.

NATO-nun daxilində birlik yoxdur, BMT-də veto sistemi olduğundan heç bir qərar qəbul olunmur, Avropa İttifaqında müxtəlif mövqelər mövcuddur, ATƏT tamamilə imkansız bir təşkilata çevrilib.
Tofiq Zülfüqarov, keçmiş xarici işlər naziri

"Sadəcə olaraq BMT və digər beynəlxalq təşkilatların rolu ondan ibarət olub ki, onlar hadisələrdən öz təbliğatları üçün istifadə edib. İndi də görürük ki, təhülkəsizlik sisteminin strukturu olan BMT, ATƏT, hətta NATO-nun bəyan olunan hədəfləri hansısa nəticə vermir. NATO-nun daxilində birlik yoxdur, BMT-də veto sistemi olduğundan heç bir qərar qəbul olunmur, Avropa İttifaqında müxtəlif mövqelər mövcuddur, ATƏT tamamilə imkansız bir təşkilata çevrilib, bəyanatdan başqa real bir hərəkət gündəmə gətirə bilmir. Bu baxımdan beynəlxalq təhlükəsizlik sisteminin işləməməsi yeni bir şey deyil. Amma Rusiya-Ukrayna müharibəsinin beynəlxalq təhlükəsızilik sisteminin vacibliyini gündəmə gətirməsi də faktdır", keçmiş nazir qeyd edib.

Onun fikrincə, müharibə yeni beynəlxalq təhlükəsizlik sisteminin yaranmasını gündəmə gətirib.

"Biz həm də görürük ki, dünyada bir neçə siyasi güc mərkəzi artıq mövcuddur. Bu göstərir ki, yeni təhlükəsizlik sistemi hansısa yeni islahatlardan sonra gündəmə gələcək".

Zülfüqraov hesab edir ki, müharibənin davam etməsi dövlətlərdəki daxili siyasi böhranın olmasını da üzə çıxarır.

"Biz görürük ki, Rusiya daxilində qapalı olsa da, siyasi böhranın olduğu görünür. Yəni Putinin ətrafında fikir fərqliliyi artıq görünür. Amma sisteimin xüsusiyətini nəzərə alsaq biz bunu açıq şəkildə görmürük. Gərginlik artıq hiss olunur. Eyni şeyləri Ukraynaya da aid etmək olar. Çünki orada da müharibə şəraiti olmasına baxmayaraq daxildə hansısa qüvvələr arasında qarşıdurma mövcuddur. Əgər müharibənin gələcək ssenarisini nəzərdən keçirsək, əminəm ki, müharibənin başa çatmasına ölkələrin daxilindəki fikir ayrılıqları səbəb olacaq", keçmiş nazir belə düşünür.

Mövzuya uyğun

XS
SM
MD
LG