Accessibility links

Urmiyə gölünə su nəqli tuneli layihəsinin istifadəyə verilməsi - ekspert baxışı


Urmiyə gölu
Urmiyə gölu

Fevralın 24-də İran prezidenti İbrahim Rəisi tərəfindən Kani Sib bəndindən Urmiya gölünə Zab çayının suyunun nəqli layihəsinin açılışı olub.

Dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, layihə 36 kilometrlik tunel və 11 kilometrlik kanaldan ibarətdir və Urmiyə gölünə ildə 500-600 milyon kubmetr həcmində su vermək qabiliyyətinə malikdir.

İran hökumətinin rəsmi xəbər agentliyinin açıqladığı məlumata görə, bu layihə 35 min milyard riyala başa gəlib.

Layihə çərçivəsində Zab çayının Kanisib bəndinin su anbarından suyun 36 kilometrlik keçid tunelinə gətirilməsi, 11 km kanal boyu suyun Qadar çayına çatdırılması və 28 km boyu çayın suyunun Urmiyə gölünün su sahəsinə ötürülməsi nəzərdə tutulur.

Bu layihənin açılışı ilə eyni vaxtda Qərbi Azərbaycanın Bukan şəhərindəki Şəhid Kazemi bəndinin qapısı da açılıb ki, bu bəndin su anbarından Urmiyə gölünə 300 milyon kubmetr su ötürülməsi nəzərdə tutulur.

Urmiyə gölünü canlandırmaq üçün bu layihənin açılışı və fəaliyyət göstərməsi rəsmilərin texniki problem adlandırdıqları səbəblərdən dolayı dəfələrlə gecikdirilib. Bununla belə, 2015-ci ildə Həsən Ruhani hökuməti dövründə icra işlərinə başlandıqdan sonra bu layihənin birinci fazısı təxminən 7 ildən sonra prezident İbrahim Rəisinin sərəncamı ilə açılıb.

Zab çayından Urmiyə gölünə su nəqli layihəsi istifadəyə verilib
Zab çayından Urmiyə gölünə su nəqli layihəsi istifadəyə verilib

Hazırda Urmiyə gölünün yatağındakı suyun miqdarı bir milyard kubmetrdən azdır və mütəxəssislərin fikrincə, göldə suyun ekoloji baxımdan lazımi səviyyəyə çatdırılması üçün oraya 18 milyard kubmetr su daxil olmalıdır.

Bu səbəbdən bəzi ekspertlər hesab edir ki, təkcə bu layihənin istiadəyə verilməsi ilə uzunmüddətli perspektivdə Urmiyə gölünün dirçələcəyi ümidverici görünmür. Amma onların fikrincə, bu layihə İranın Azərbaycan regionunda ekoloji vəziyyətin pisləşməsinin qarşısının alınmasında effektiv rol oynaya bilər.

İstanbuldakı Cərrah Paşa Universitetindən Geologiya və Ətraf Mühit üzrə doktor İslam Mustəfəvi Amerikanın Səsi ilə söhbətində deyib ki, bu layihə “təkbaşına Urmiyə gölünü ekoloji səviyyəsinə çatdıra bilməz, bunun üçün isə 18 milyard kubmetr suya ehtiyac duyulur”. Güneyli ekspert hesab edir ki, Zab çayından suyun nəqli layihəsinin istifadəyə verilməsi Ərdəbil və Zəncana qədər bölgəni təsirinə məruz qoymuş duz fırtınalarının qarşısının alınmasında böyük rol oynaya bilər.

Urmiyə gölünün qurumasında İslam Respublikasının siyasətlərinin təsiri

Dr. İslam Müstəfəvi
Dr. İslam Müstəfəvi

Ətraf mühit üzrə ekspert İslam Mustəfəvinin fikrincə, gölün qurumasının yalnız 20%-i qlobal istiləşmənin yaratdığı ekoloji amillərlə bağlıdır və bu məsələdə İran İslam Respublikasının ümumi siyasətləri böyük rol oynayır.

“1979-cu il inqilabının əvvəlindən dayanıqlıq siyasətinə əsaslanan İran İslam Respublikasının ümumi siyasətini özündə ehtiva edən “Nə Qərb, nə Şərq” şüarı kənd təsərrüfatı məhsullarında da xaricdən asılı olmamaq yanaşmasını əhatə edib” - deyə, ekspert bildirib.

Mustəfəvinin sözlərinə görə, İran İslam Respublikası kənd təsərrüfatında bu ideologiyaya dayanaraq, daxili ehtiyaclarını təmin etmək məqsədilə otlaqların belə əkin ərazilərinə çevrilməsinə və qeyri-mütənasib əkin sahələrinin artması ilə yaranan ekoloji təsirlərini nəzərə almadan kənd təsərrüfatı torpaqlarının artmasına göz yumub.

İran Azərbaycanından olan ekspert gölün ən çox quruması prosesinin Mahmud Əhmədinejadın prezidentliyi dövründə baş verdiyini deyib. O həmin dövrdə gölün qurumasının sürətlənməsində “suvarılan əkinçilik sahəsinin üç qata çıxması” və “lisenziyasız quyuların həddindən artıq artması”nı ən önəmli amillərdən biri olduğunu qeyd edib.

İslami Mustəfəvi həmçinin İslam Respublikasının bölgədəki siyasətlərinin gölün qurumasına, yeraltı su ehtiyatlarından həddən artıq istifadə edilməsinə, əkinçilik məqsədləri üçün qazılan quyulara necə təsir etdiyini izah edərək deyib: “Gölün ətrafındakı yeraltı şirin suyun səviyyəsinin azalması ilə gölün dibindən su ilə bəslənməsi mümkünsüz hala gəldi.”

Urmiyə gölünü ikiyə bölən Urmiyə və Təbriz şəhərləri arasında salınmış körpü
Urmiyə gölünü ikiyə bölən Urmiyə və Təbriz şəhərləri arasında salınmış körpü

O həmçinin Urmiyə gölü üzərində Təbriz və Urmiyə şəhərləri arasında salınan körpünün tikilməsini və beləliklə qapalı ekosistemdə qeyri-elmi manipulyasiyaların həyata keçirlməsini buxarlanma və transpirasiya səviyyəsinin artmasına səbəb olduğunu və Urmiyə gölünün qurumasına olduqca böyük təsir buraxdığını qeyd edib.

Ekspertin Amerikanın Səsinə verdiyi məlumata görə, İran İslam İnqilabı zamanında 38 milyard kubmetr suyu olan Urmiyə gölündə suyun həcmi Haşimi Rəfsəncaninin prezidentliyinin son ilində 26.5 milyard kubmetr, Məhəmməd Xatəminin prezidentliyinin son ilində 8.550, Mahmud Əhmədinejadın prezidentliyinin son ilində isə 860 milyon kubmetr olub.

Prezident Həsən Ruhaninin dönəmində Urmyə Gölü Canlandırma Mərkəzi fəaliyyət göstərib və onun hakimiyyətinin son ilində gölün suyunun həcmi 5.6 milyar kubmetrə qədər artıb. Eyni zamanda, yağışların artdığı bir dövrdə gölün suyunun həcminin artması müşahidə edilib.

Ekspertlər hesab edir ki, Urmiyə gölünün ətrafındakı ərazidə əkin məhsullarının dəyişdirilməsi, yeraltı sulardan istifadəyə nəzarət edilməsi və diqqətin daha az su tələb edən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə yönəldilməsi gölün xilasının əsas və təsirli yollarındandır.

XS
SM
MD
LG