Accessibility links

Azərbaycan və İsrail hökumətlərinin birgə komissiyasının sədrləri görüşüb


Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyasının iclası (Mənbə: Iqtisadiyyat nazirliyi)
Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyasının iclası (Mənbə: Iqtisadiyyat nazirliyi)

Aprelin 18-də İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri başlayıb.

Bu gün Bakıda Azərbaycan hökuməti ilə İsrail hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş keçirilib.

İqtisadiyyat nazirliyinin məlumatına görə, nazir Mikayıl Cabbarov Azərbaycanla İsrail arasında yüksək səviyyəli əlaqələri vurğulayıb.

Mikayıl Cabbarov və Eli Kohen (Mənbə: Iqtisadiyyat nazirliyi)
Mikayıl Cabbarov və Eli Kohen (Mənbə: Iqtisadiyyat nazirliyi)

“Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Ölkələrimiz iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri davam etdirir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır”, Cabbarov qeyd edib.

İqtisadiyyat nazirinin Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verdiyi bildirilir.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərdiyini qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlər barədə müzakirələr aparılıb.

XS
SM
MD
LG