Accessibility links

Dövlət Departamentinin sözçüsü: ABŞ Dağlıq Qarabağ məsələsi ilə fəal məşğul olmağa davam edəcək


Aprelin 25-də ABŞ Dövlət Departamenti bu yaxınlarda baş verən uğursuzluğa baxmayaraq, Qarabağ məsələsi ilə "fəal şəkildə məşğul olmağa davam etmək" niyyətində olduğunu təsdiq edib.

"Baş məsləhətçi Lui Bono, dövlət katibinin köməkçisi Derek Hoqan, Dövlət katibi Antoni Blinken bundan sonra da bu məsələ ilə fəal şəkildə məşğul olacaq", Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə Turan agentliynin sualına cavabda bildirib.

"Bilirsiniz ki, Cənubi Qafqazda bu məsələ Dövlət katibi Blinkenin özünün dəyər və böyük əhəmiyyət verdiyi məsələdir", o qeyd edib.

Qafqazda danışıqlar üzrə nümayəndə Bono, habelə Dövlət katibinin köməkçisinin müavini Erik Olson keçən həftə Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi təsis edildiyini elan etməsindən cəmi bir neçə gün əvvəl ayrı-ayrılıqda regiona səfərlər edib.

Patel xatırladıb ki, Dövlət Departamenti bazar günü bu addımla bağlı dərin narahatlığını bildirib.

"Düzünü desəm, nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi sülh prosesinə etimad yaradılması səylərini sarsıdır və biz insanların və məhsulların Laçın dəhlizindən sərbəst hərəkət etməli olduğu fikrini dəstəkləyirik", o bildirib.

Patel amerikalı diplomatların Bakı və Yerevanda rəsmilərlə söhbətlərinin məzmununa dair şərh verməyib.

Aprelin 23-də Azərbaycan Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı bəyanatda Ermənistan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham olunub.

"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddəki Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12.00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub", Dövlət Sərhəd Xidmətinin bəyanatında deyilir.

Ermənistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib:

"Ermənistan Respublikası üçtərəfli bəyanatı imzalayan tərəf kimi Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı addımı qəbuledilməz hesab edir" - deyə, rəsmi Yerevan baş verənlərin iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xələl gətirdiyini vurğulayıb.

Ermənistan Rusiya Federasiyasına və BMT üzv dövlətlərinə "Laçın dəhlizinin qeyri-qanuni blokadasını aradan qaldırmaq və Azərbaycan qüvvələrinin dəhlizin bütün təhlükəsilzik zonasında çıxarılmasını təmin etmək üçün" müraciətlə çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında deyilir ki, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.

"Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir", sənəddə qeyd edilir.

Ermənistanın Armenpress agentliyi Qarabağ ermənilərinin lideri kimi təqdim etdiyi Araik Arutyunyanın Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığını bildirir.

"Artsax (Dağlıq Qarabağ) Respublikasının hakimiyyəti Azərbaycanın növbəti təxribatını kəskin şəkildə pisləyir, bunu Artsaxın blokadasını və etnik təmizləməni dərinləşdirməyə yönəlmiş cinayət addımı hesab edir, həm üçtərəfli bəyannaməni, həm də Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarını və digər fundamental normaları pozur", agentlik tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın informasiya qərargahına istinadən bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG