Accessibility links

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı


Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Məlumatda bildirilir ki, bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib.

"İnflyasiyanın daxili və xarici risklərini nəzərə alaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Faiz dəhlizinin parametrlərinə dair qəbul edilən qərarların təsiri ilə banklararası təminatsız pul bazarında orta faiz dərəcəsi ilin əvvəlindən bəri 1.2 faiz bəndi qalxıb. Ötən ildən başlayaraq monetar şəraitin sərtləşdirilməsi üzrə qəbul olunmuş qərarlar, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, məcburi ehtiyatlar üzrə normaların qaldırılması və müvafiq makro-prudensial tələblərin tətbiqi pul-kredit göstəricilərinə təsir edir. Pul siyasətinin inflyasiyaya təsirlərini gücləndirmək istiqamətində islahatlar davam etdirilir. Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərraclarda rəqabəti artırmaqla müxtəlif müddətlər üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilib. Qərara alınıb ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər. Qısamüddətli notların, həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcək", məlumatda deyilir.

Bundan əlavə rəsmi məlumatda qeyd edilir ki, Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcək.

"İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaq. İnflyasiyanı artıran faktorlar bundan sonra da sıx monitorinq ediləcək. İllik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək. Bu qərar 4 may 2023-cü il tarixindən qüvvəyə minir", məlumatda deyilir.

Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumatı ictimaiyyətə bu il iyun ayının 21-də açıqlanacağını qeyd edib.

Öz növbəsində bir müddət əvvəl iqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bununla bağlı müsahibə verib. O bildirib ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsinin inflyasiya göstəricilərinə birbaşa təsiri yoxdur.

Natiq Cəfərli-iqtisadçı- ekspert
Natiq Cəfərli-iqtisadçı- ekspert

Onun sözlərinə görə, Azərbaycanda institutsional olaraq iqtisadi institutlar tam formalaşmayıb deyə uçot dərəcəsi inflyasiyaya təsir göstərmir.

"Müəyyən qədər dolayı təsirləri var. Bu da məsələn, uçot dərəcəsi artıqca kredit faizləri artır. Kredit faizlərinin artması istehlak kreditlərini azalda bilər. İstehlak kreditlərinin azaldılması, inflyasiyaya müəyyən dərəcədə tələbin aşağı düşməsinə səbəb ola bilər. Nəzəri olaraq belə bir mexanizm ola bilər. Amma keçmiş illərin təcrübəsinə baxanda görürük ki, bizə inflyasiyaya təsir göstərən daha başqa ciddi amillər var, nəinki AMB-in uçot dərəcəsi" , o bildirib.

Ekspert deyir ki, Mərkəzi Bank hədəf olaraq gələn il iki rəqəmli yox, bir rəqəmli inflyasiyanın olacağını proqnozlaşdırsa da, Azərbaycanda xroniki inflyasiyaya təsir göstərən məsələlər aradan qalxmayıbsa, məsələn bizim xaricdən aslılığımız azalmayıb.

Eyni zamanda Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov mayın 3-də keçirilən mətbuat konfransında deyib ki, Azərbaycanda uçot dərəcəsinin inflyasiyaya birbaşa təsiri yoxdur.

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın baza ssenarisinin (səkkiz faizə yaxın) 2024-cü ildə əldə olunacağını gözləyir.

Onun sözlərinə görə, Mərkəzi Bank daxili və xarici inflyasiya risklərini nəzərə alaraq antiinflyasiya pul-kredit siyasəti yeritməyə davam edir.

"2023-cü ilin martında illik inflyasiya 13,6 faiz olub ki, bu da 2022-ci ilin sentyabrında qeydə alınmış pik həddən 2 faiz aşağıdır", o deyib.

Taleh Kazımov qeyd edib ki, inflyasiyanın və iqtisadi şokların qarşısının alınması üzrə sonrakı tədbirlər qoyulmuş məqsədə 2024-cü ildə çatmağa kömək edəcək.

XS
SM
MD
LG