Accessibility links

Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin beşinci görüşü baş tutub


Mayın 14-ü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli görüş baş tutub.

Görüşdən sonra mətbuata açıqlama verən Şarl Mişel liderlərin Brüsseldə beşinci görüşünə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib və müzakirələrin səmimi, açıq və nəticəyönümlü olduğunu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması yolunda irəliləyişə diqqət yetirildiyini bildirib.

“Liderlər Cənubi Qafqazda sülh üçün ortaq istəyi bölüşürlər. Mən onların müvafiq səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Bu yaxınlarda ABŞ-da sülh müqaviləsi üzrə aparılan müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması davam etməlidir”, Şarl Mişel qeyd edib.

Üçtərəfli görüşdə sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, humanitar məsələlər və Qarabağda yaşayan erməni əhalinin haqları və təhlükəsizliyi məsələsi müzakirə edilib.

Şarl Mişel qeyd edib ki, tərəflər sərhədin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçiriblər və sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq. Liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər və 1991-ci il Almatı Bəyannaməsinə, o cümlədən Ermənistanın (29,800 km2) və Azərbaycanın (89,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər.

Aİ Şurasının Prezidenti nəqliyyat xətlərinin açılması məsələsi ilə bağlı qeyd edib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrinin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər.

“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onların müvafiq komandalarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Onlar həmçinin bu işə dəstək vermək üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, Şarl Mişel deyib.

Humanitar məsələlərə gəlincə, tərəflər yaxın həftələrdə daha çox məhbusun azad ediləcəyinə dair razılığa gəliblər. Şarl Mişelin sözlərinə görə, görüşdə azaraq qarşı tərəfə keçən hərbçilərin tezliklə azadlığa buraxılmasının, itkin düşmüş şəxslərin taleyinin həlli və minalardan təmizlənməsi üzrə işlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Şarl Mişel üçtərəfli görüşdən sonra mətbuata açıqlama verir
Şarl Mişel üçtərəfli görüşdən sonra mətbuata açıqlama verir

“Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı mübadilələrimizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək məqsədi ilə pozitiv gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim. Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyi məsələsini də qaldırdım”, Şarl Mişel Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı deyib.

Şarl Mişel onu da qeyd edib ki, qarşılıqlı məqbul həll yolları əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, münasibətlərdə vicdanlı olmaq və liderlik nümayiş etdirmək vacibdir.

“Aİ-nin heç bir gizli gündəmi yoxdur. Bizim yeganə məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə töhfə verməyə hazırıq”, Şarl Mişel vurğulayıb.

Tərəflər Brüssel görüşlərini lazımi qədər tez-tez keçirmək barədə razılığa gəlib. Şarl Mişel iyulda Brüsseldə üçtərəfli formatda yenidən görüşəcəklərini bildirib. Ondan əvvəl isə iyunun 1-i Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin ikinci zirvə toplantısı çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da iştirakı ilə beştərəfli görüşün keçiriləcəyini bildirib.

Şarl Mişel liderləri oktyabr ayında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində növbəti görüşə dəvət etmək niyyətində olduğunu deyib.

Üçtərəfli görüşdən əvvəl Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla təkbətək görüşlər keçirib

Hər iki liderin üçtərəfli görüşdən əvvəl Aİ Şurası prezidenti Şarl Mişellə təkbətək görüşü baş tutub. Bu gün səhər İlham Əliyev və Şarl Mişel arasında təkbətək görüş keçirilib.

Azərbaycan Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Görüş zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.


Şarl Mişel həmçinin mayın 13-ü axşam saatlarında Nikol Paşinyanla görüşüb. Ermənistan Baş Nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər qeyri-rəsmi görüşdə regiondakı hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Ermənistan Baş Nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər qeyri-rəsmi görüşdə regiondakı hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Aİ, Azərbaycan, Ermənistan liderləri arasında, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsun da iştirakı ilə beştərəfli görüşün keçirilməsinin vacibliyini vurğulayıblar.


Son həftələrdə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi, Vaşinqton görüşü

Azərbaycan və Ermənistan liderləri Brüssel formatında sonuncu dəfə ötən ilin avqustunda görüşüblər. Təhlilçilər tərəflərin Brüssel formatında görüşlərə geri qayıtmasında ABŞ-ın rolunu qeyd edirlər.

May ayının əvvəli Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub. ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar. “Biz yekun razılığa çox yaxınıq”,Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Ceyhun Bayramov mayın 10-da jurnalistlərə açıqlamasında Vaşinqton danışıqlarında sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edilib.

"Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Oradakı danışıqlar bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılması əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir", Bayramov bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova mayın 10-da keçirdiyi brifinqdə deyib ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir.

Onun sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi Yerevan əsas məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığını qeyd ediblər.

Zaxarova Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı gördüyü işi davam etdirəcəyini, artıq iki ölkənin xarici işlər nazirlərinin danışıqları üçün məkanın təklif olunduğunu bildirib.

“Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun üçün yeganə yol üçtərəfli razılaşmaların icra olunmasıdır,” Rusiya Xarici İşlər Nazirliynin sözçüsü qeyd edib.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mayın 11-i keçirdiyi brifinqdə Vaşinqton danışıqlarının nəticələrinə dair Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ifadə etdiyi mövqe barədə suala cavabda deyib ki, “rusiyalı həmkarının nə dediyi barədə düşünməyə çox vaxtı yoxdur”.

“Bununla belə, deyə bilərəm ki, bu, Ermənistan və Azərbaycan arasında sülhə dair çox mühüm məsələ ilə bağlı olduğu üçün bu departamentin bundan sonra da dərindən məşğul olacağı bir məsələdir. İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində bu iki ölkəni qəbul etməkdən xoşbəxt idik. Biz inanırıq ki, bu danışıqlar səmərəli olub və Brüsseldəki görüş başlayan danışıqların davamı üçün zəmin yaradıb və biz bu prosesin baş tutmasına şərait yaradacağıq”, o qeyd edib.

Rəsmi məlumatlara görə, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri mayın 19-u Moskvada görüşəcək.

Son günlərdə sərhəddə baş verən gərginlik

Brüssel görüşü Azərbaycan və Ermənistanın delimitasiya edilməmiş sərhədində gərginliyin davam etdiyi zamana təsadüf edib. Tərəflər mayın 10-dan başlayaraq ağır silahlar, pilotsuz uçuş aparatları da daxil olmaqla qarşılıqlı atışmalar barədə məlumatlar yayıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusunun atəşi nəticəsində iki hərbi qulluqçusunun həlak olduğunu, bir hərbi qulluqçusunun yaralandığını bildirir.

Ermənistan Müdafilə Nazirliyinin məlumatına görə Ermənistan Ordusunun bir hərbçisi həlak olub, altı hərbçisi yaralanıb.

Qarşılıqlı atışmalar əsasən Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis (Basarkeçər) rayonu arasında yerləşən Zod qızıl mədəni ətrafında olub. Atışmalar həmçinin qismən Azərbaycan-Ermənistan şərti sərhəd xəttinin digər istiqamətlərini və Dağlıq Qarabağın ətrafındakı əraziləri əhatə edib.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mayın 11-də ənənəvi brifinqdə bildirib ki, bu cür zorakılıqlar Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi tərəqqiyə xələl gətirir.

“Biz hər iki ölkənin liderlərini mayın 14-də Brüssel toplantısında - bu iki tərəfin mayın əvvəlində Vaşinqtonda ev sahibliyi etdiyimiz danışıqlarda iştirak edərkən dövlət katibi Blinkenin müzakirə etdiyi kimi, sərhəd boyunca qüvvələrini uzaqlaşdırmağı razılaşmağa çağırırıq”, o deyib.

Vedant Patel həmçinin bildirib ki, ABŞ Vaşinqton dialoqunu mühüm, müsbət addım kimi görür.

“İnanırıq ki, irəliyə doğru davamlı bir yol var. Biz inanırıq ki, bunun sülh yolu ilə həlli var. Məhz buna görə də biz katibdən tutmuş aşağıya qədər bu məsələ ilə dərindən məşğul olmaqda davam edirik”, o qeyd edib.

Mayın 11-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sərhəddəki gərgin duruma işarə edərək bildirib ki, Rusiya tərəfləri təmkinli olmağa çağırır.

“Təmaslar davam edir, bir gün əvvəl Putin (Vladimir) Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca danışıb, Azərbaycan tərəfi ilə də təmaslar davam edir. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edəcək. Təbii ki, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq”, Peskov bildirib.

Avropa İttifaqının sülh danışıqlarındakı səyləri

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.

Həmçinin ötən il oktyabrın 6-da Praqada baş tutan Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG