Accessibility links

Rahim Hacıyev: Azərbaycan siyasi rejimin xarakterinə görə Xəzərin Türkmənistan sahillərindədir


Rahim Hacıyev: Azərbaycan siyasi rejimin xarakterinə görə Xəzərin Türkmənistan sahillərindədir
please wait

No media source currently available

0:00 0:06:33 0:00

Freedom House təşkilatının son “Keçid ölkələri” hesabatında Azərbaycan “möhkəmlənmiş avtoritar ölkələr” sırasında yer alıb. Mərkəzi Avropa və Mərkəzi Asiyanın keçmiş kommunist ölkələrində demokratik vəziyyəti dəyərləndirən hesabatda Azərbaycan 29 ölkə arasında sondan üçüncü yerdə qərarlaşıb. Azərbaycan demokratiya göstəricilərinə görə yalnız Türkmənistan və Tacikistanı qabaqlayır.

Azadlıq qəzetinin mühacirətdəki redaktoru, siyasi şərhçi Rahim Hacıyev Freedom House təşkilatının qiymətləndirməsini əsaslı hesab etdiyini deyir.

“Təəccüblü heç nə yoxdur, Freedom House artıq uzun illərdir Azərbaycanı azad olmayan ölkə elan edib. Uzun illərdir belə bir tendensiya müşahidə edirik. Bu müddət ərzində heç nə dəyişməyib, əksinə vəziyyət daha da pisləşib. Ölkədəki vəziyyətdən xəbəri olan, gündəlik prosesləri izləyən adam kimi deyə bilərəm ki, Freedom House təşkilatının bu qiymətləndirməsi tamamilə əsaslıdır. Azərbaycan hətta hibrid-rejimli ölkələrdən də hesab olunmur. Yeri gəlmişkən Gürcüstan və Ermənistan hibrid-rejimli ölkələr kimi təqdim edilir. Gürcüstan və Ermənistan demokratik cəmiyyət quruculuğunda artıq xeyli yol keçib. Ciddi problemlər var, amma hər halda dövlətlər və cəmiyyətlər o istiqamətdə gedirlər. Mühüm olan budur”, Rahim Hacıyev qeyd edir.

Freedom House təşkilatı hesabatda yer alan ölkələri 7 əsas meyar üzrə qiymətləndirir. Bunlar milli demokratik idarəetmə, seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, yerli demokratik idarəetmə, qanunvericilik və məhkəmələrin müstəqilliyi, korrupsiya üzrə göstəricilərdir.

Azərbaycan vətəndaş cəmiyyəti və yerli idarəetməni çıxsaq, digər meyarlar üzrə mümkün ən aşağı bal alıb. Cənubi Qafqaz ölkələrindən Ermənistan artıq iki ildir irəliləmə qeyd edir. Gürcüstanda qismən geriləmə müşahidə edilsə də, bu iki ölkə “hibrid ölkələr” sırasında yer alır.


Rahim Hacıyev deyir ki, Azərbaycan hakimiyyəti anti-demokratik rejimin möhkəmləndirilməsi üçün davamlı addımlar atır.

“Təəssüf olsun ki, Azərbaycan Cənubi Qafqazda ən avtoritar ölkəyə çevrilib. Azərbaycan siyasi rejimin xarakteri baxımından artıq Cənubi Qafqaz ölkəsi hesab oluna bilməz. Azərbaycan obrazlı desək, Xəzərin Türkmənistan sahillərindədir. Çünki Azərbaycan hakimiyyətinin xarakteri sərt, anti-demoktratik bir rejim kimi özünü göstərir. Türkmənistandakı mənzərə xeyli mənada Azərbaycanda da tətbiq olunur. Şəxsiyyətə pərəstiş, hakimiyyətinin bir nəfərin əlində cəmləşməsi, dövlətin və cəmiyyətin faktiki olaraq bir nəfərin istədiyi kimi idarə olunması, hakimiyyət strukturlarının gerçək hakimiyyət institutları kimi fəaliyyət göstərməməsi Azərbaycanda günümüzün acı reallığıdır.

Anti-demokratik rejimin möhkəmləndirilməsi üçün çox ciddi addımlar atılır. Ölkədə faktiki polis rejimi mövcuddur. Biz hələ elə bir hal görməmişik ki, məhkəmə polisin istədiyini etməsin. Polis orqanlarından müxalifətə qarşı açıq istifadə olunur. Polis müxalifətçiləri tutur, oğurlayır, məhkəməyə aparır və məhkəmə məhz onların istədiyi qərarı verir. Prokurorluq özü repressiv orqanların hiyerarxiyasında olduqca ciddi mövqeyi olan quruma çevrilib. Son ilyarım ərzində Azərbaycanda insan hüquq və azadlıqlarının daha da məhdudlaşdırılmasına xidmət edən iki qanun qəbul edilib. Bunlar “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlardır”, Rahim Hacıyev bildirir.

Sərhədsiz Reportyorlar təşkilatın may ayının əvvəli yaydığı mətbuat azadlığı indeksində Azərbaycan yenidən mətbuatı azad olmayan ölkələr sırasında yer alıb. Təşkilat, xüsusilə, jurnalistlərin təhlükəsizliyi məsələsini qeyd edir, o cümlədən yeni media qanununun məhdudlaşdırıcı səciyyəsindən narahatlıq ifadə edir. Rahim Hacıyev Azərbaycanda kleptokratik rejimin mövcud olduğunu, bunun məntiqi nəticəsi kimi mətbuat azadlığının boğulduğunu, yeni media qanununun da buna xidmət etdiyini deyir.

“Mətbuat bu iqtidarın həmişə başlıca hədəfində olan strukturlardan biri olub. Çünki Azərbaycanda kleptokratik rejim var. Bütün dünya bilir ki, Azərbaycan kleptokratik, oğru rejim olan ölkələrdən biridir. Azərbaycanda müstəqil şəkildə heç bir iqtisadi təşəbbüsü reallaşdırmaq imkanı yoxdur. Azad bazar iqtisadiyyatı, azad rəqabət yoxdur. Xüsusən son illərdə iqtisadiyyatın monopoliyası, bir ailənin əlində cəmləşməsi daha kəskin xarakter alıb. Azərbaycan dünyada ən çox korrupsiya olan ölkələrdən biridir və belə olan halda mətbuat boğulmalıdır. Elə bir ölkə tanımırıq ki, orda belə güclü korrupsioner hakimiyyət olsun və mətbuat sərbəst fəaliyyət göstərsin. Bunu təsdiqləmək nonsens olardı. Ona görə bu məhz zərurətdən irəli gələn addım kimi atılıb. Media haqqında yeni qanun Azərbaycanda növbəti dəfə mətbuatı daha da sıxmaq və onun fəaliyyətinə problemlər yaratmaqdır”, Azadlıq qəzetinin redaktoru vurğulayır.

Azərbaycan hakimiyyəti nə Freedom House təşkilatının, nə də Sərhədsiz Reportyorların hesabatı ilə bağlı şərh verməyib. Daha əvvəl Amerikanın Səsinə danışan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Sərhədsiz Reportyorların qiymətləndirməsini ədalətsiz hesab etdiyini deyib.

"Mən hesab edirəm ki, bu, ədalətsiz qiymətləndirmədir və son illərdə biz münasibət bildirərkən bu ədalətsizliyin kökləri barədə də danışmışıq. Mənə elə gəlir ki, Azərbaycanda xüsusən, indiki genişlənən informasiya məkanında söz azadlığının məhdudlaşdırılmasını söyləmək absurddur. Ola bilsin ki, bu, hansısa siyasi məqsədlər də daşıyır", Rəşad Məcid bildirib.

Rəsmi Bakı bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların, o cümlədən mətbuat azadlığının tam təmin edildiyini, plüralizm və jurnalistlərin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG