Accessibility links

Azərbaycanda Müstəqillik Günü qeyd edilir


Mayın 28-də Azərbaycanda Müstəqillik Günü qeyd edilir. 105 il əvvəl - 1918-ci ilin bu günündə müsəlman dünyasında ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.

Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqilliyi Birinci Dünya Müharibəsi başa çatdıqdan və Rusiya imperiyası dağıldıqdan sonra mümkün olub. Amma Zaqafqaziyada imperiya irsi region xalqları arasında ciddi ziddiyyətlər yaradıb və onların elan etdikləri Zaqafqaziya Respublikası çərçivəsində birləşməsinə imkan verməyib.

1918-ci il mayın 26-da Zaqafqaziya Seymində (parlamentində) gürcü və erməni fraksiyaları arasında fikir ayrılıqları nəticəsində Zaqafqaziya Demokratik Federativ Respublikasının (ZDFR) dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan edib.

Mayın 26-da gürcülər Federasiyadan çıxıb Gürcüstanın müstəqilliyini elan etdikdən sonra mayın 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyaları Azərbaycanın müstəqilliyini elan ediblər. Elə həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının rəyasət heyətinin sədri seçilib.

1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edilib, sənəddə Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilib. Bəyannamədə qeyd edilirdi ki, Azərbaycan xalqları suveren hüquq daşıyıcılarıdır və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan olunur.

Azərbaycan Milli Şurası 18 gün ərzində Tbilisidə fəaliyyət göstərib, sonradan Gəncəyə köçüb. Həmin vaxt Bakı şəhəri Bakı kommunasının nəzarəti altında idi. AXC hökuməti yalnız 1918-ci ilin sentyabrında Qafqaz Türk İslam Ordusunun paytaxtı Bakı komissarlarını əvəz edən eser-menşevik "Mərkəzi Kaspi Diktaturası" hökumətindən azad etməsindən sonra Bakıya köçüb.

AXC-də milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqları təmin edilib. Müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb.

AXC Versal Sülh Konfransında tanınıb. Mövcud olduğu 23 ay ərzində AXC-də bir sıra qanunlar qəbul edilib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirilib, Azərbaycanda ilk universitet yaradılıb.

Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də Qırmızı Ordunun işğalı nəticəsində dağılıb. Azərbaycan ittifaq dövləti kimi SSRİ-nin tərkibinə daxil olub.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən müstəqillik əldə edib və özünü AXC-nin varisi elan edib.

Bu gün, mayın 28-də çoxsaylı ictimaiyyət nümayəndələri, siyasi partiyaların, ictimai qurumların təmsçilçiləri Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndində olan yeganə heykəlinin qarşısına toplaşaraq onun xatirəsini yad edib.

Prezident İlham Əliyev bu gün azad edilmiş Laçın rayonuna səfəri zamanı yerli sakinlərlə görüşündə Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalğını təbrik edib.

"Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”, Prezident Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü bərpa etməsinə işarə edərək qeyd edib.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli təbrikində rəsmi Bakını AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı münasibətinə tənqidi yanaşıb.

“Bu gün onun günüdür! Televiziyaların küncünü boş verin, ürəklərin başındadır böyük Rəsulzadənin yeri. "Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir". Bunu biz demədik. Amerikalı məşhur tarixçi alim, qafqazşünas və azərbaycanşünas Tadeuş Svetoxovskinin sözləridir.

Nə bolşeviklərin 70 illik təbliğatı, nə də ailə hakimiyyətinin qısqanclığı və qarayaxması Azərbaycan istiqlalının banisini xalqımızın gözündən sala bildi. Azərbaycan istiqlalının elan olunmasında, Azərbaycanda demokratik Xalq Cümhuriyyətinin qurulmasında, milli hökumətin 2 ilə yaxın ayaqda qalmasında, Azərbaycanın işğalından sonra da milli istiqlal məfkurəsinin diri saxlanılmasında ən böyük xidməti olan milli liderimiz Məhəmməd Əmin Rəsulzadəni və qurucu babalarımızı hörmət və minnətdarlıqla anırıq. Yaşasın cümhuriyyət ideyaları, azadlıq, ədalət! Cümhuriyyət bayramınız mübarək olsun!" , AXCP sədrinin təbrikində deyilir.

XS
SM
MD
LG