Accessibility links

Yaşar Gülər: Hərbi bilik və təcrübəmizi Azərbaycan Ordusu ilə bölüşməyə davam edəcəyik



Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov (Foto: Türkiyə Müdafiə Nazirliyinin twitter səhifəsi)
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov (Foto: Türkiyə Müdafiə Nazirliyinin twitter səhifəsi)

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovla görüşüb.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, görüş Xalid Əhədovun Türkiyəyə səfəri çərçivəsində baş tutub.

“Türkiyə Silahlı Qüvvələri sahib olduğu hərbi birlik və təcrübəni Azərbaycan Silahlı Qüvvələri ilə bölüşürük və bundan sonra da davam etdirəcəyik. Biz bütün gücümüzü əlaqələrimizin inkişafına sərf edirik. Vətən Hərəkatında olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa və tək ürək olmağa davam edəcəyik. Hər zaman Can Azərbaycanın yanındayıq”, Yaşar Gülər qeyd edib.

Bu yaxınlarda Amerikanın Səsinə müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi ittifaq daha da güclənəcək.

“Müharibə və ondan sonrakı dövrdə Azərbaycanla Türkiyə arasında hərbi strateji müttəfiqlik daha da artıb. Bunu artıq Rusiya da qəbul edir” Elxan Şahinoğlu bildirib .

Ekspert iki ölkə arasında 2021-ci lin 15 iyununda Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edib.

“Mümkündür ki, hərbi sənaye kompleksləri ortaq hərbi texnika istehsalına başlasın. Azərbaycan gələcəkdə Türkiyənin istehsal edəcəyi hərbi təyyarələrə maraq göstərir. Hətta onlara pay sahibi də ola bilərik. Amma ən vacib məsələ Türkiyənin hərbi bazalarının Azərbaycanda mövcudluğunu təmin etməkdir. Çünki Rusiyanın, İranın təzyiqləri ilə üzləşirik”, o qeyd edib.

Xatırlatma

Pezident Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə lideri seçildikdən sonra ilk xarici səfəri çərçivəsində iyulun 13-də Bakıya səfər edib. O, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransında iki ölkə arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə söz veriblər.

Təhlilçilər seçkilərdən sonra prezident Ərdoğanın hakimiyyətdə yeni dönəmində Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında rolunun güclənməsi ilə bağlı gözləntilərin artdığını qeyd edirlər.

XS
SM
MD
LG