Accessibility links

Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşü baş tutub


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iyulun 15-i Brüsseldə növbəti görüş baş tutub.

Altıncı dəfə keçirilən üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas müddəaları müzakirə edilib. Görüşdən sonra mətbuata açıqlama verən Aİ Şurasının prezidenti Şarl Mişel görüşün Brüsseldə, Kişinyovda, Vaşinqtonda və Moskvada keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamı olduğunu, müzakirələrin səmimi, dürüst və məzmunlu keçdiyini deyib.

“Biz Ermənistan və Azərbaycan arasında danışıqların ən əhatəli və gərgin mərhələlərindən birindən keçirik. Mən liderləri sülh prosesinə möhkəm sadiqliklərinə görə təqdir etdim və onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün gələcək cəsarətli addımlar atmağa təşviq etdim. Görüşümüz bölgədə gərginliyin narahatlıq doğuran artışı kontekstində baş tutsa da, mən siyasi müzakirələrdə və səylərdə mühüm momentum müşahidə etdim”, Şarl Mişel qeyd edib.

Görüş zamanı liderlər ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətlərini, sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Liderlər həmçinin delimitisiya məsələsi ilə məşğul olan sərhəd komissiyaların işini sürətləndirmək üçün razılığa gəliblər.

Şarl Mişel Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iyulun 12-də keçirdiyi iclası alqışlayıb. Onun sözlərinə görə, tərəflər nəqliyyat xətlərinin açılması ilə bağlı da irəliləyişə nail olublar. Mişel dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalı olduğunu, Aİ-nin bunun üçün maliyyə töhfəsi verməyə hazır olduğunu bildirib.

Liderlər həmçinin Qarabağdakı erməni əhalinin hüquqları və təhlükəsizliyi, o cümlədən Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər. Şarl Mişel mövcud vəziyyətin dayanıqlı olmadığını və heç kimin marağına xidmət etmədiyini deyib.

Prezident Şarl Mişel görüşdən sonra mətbuata açıqlama verir
Prezident Şarl Mişel görüşdən sonra mətbuata açıqlama verir

“Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Azərbaycanın Ağdam üzərindən humanitar yardımı bərabər şəkildə çatdırmağa hazır olduğunu da qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının ödənilməsini təmin etmək üçün hər iki tərəfdən humanitar yüklərin çatdırılmasını təşviq edirəm. Mən həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım. Yerdəki əhalinin, ilk növbədə, hüquqları və təhlükəsizliyi ilə bağlı zəmanətlərə ehtiyacı var. Bu kontekstdə mən Aİ-nin Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqa təşviq etdiyini bildirdim. Bu dialoq bütün iştirakçılar üçün çox lazım olan etimadı təmin etməlidir”, Şarl Mişel qeyd edib.

Üç saata yaxın davam edən görüş zamanı əsirlər və itkin düşmüş şəxslərin taleyi, o cümlədən minalanmış ərazilərin təmizlənməsi məsələləri də müzakirə edilib.

Şarl Mişel real irəliləyişin yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılı olduğunu, sülh danışıqları üçün lazımi mühiti təmin etmək üçün zorakılıq və sərt ritorikanın dayandırılmasının vacibliyini vurğulayıb.

Aİ Şurasının Prezidenti liderləri yaydan sonra Brüsseldə yenidən görüşməyə dəvət etməyi planlaşdırdığını, habelə oktyabr ayında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin də iştirakı ilə növbəti beştərəfli görüş keçirmək niyyətində olduqlarını bildirib.

Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts və Fransanın prezidenti Emmanuel Makronun da iştirakı ilə iyunun 1-i Kişinyovda baş tutmuşdu.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə beş görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə, dördüncü görüş 31 avqust 2022-ci ildə, sonuncu görüş isə bu ilin 14 may tarixində keçirilib.

XS
SM
MD
LG