Accessibility links

Avropa İttifaqı Qarabağdakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib, Rəsmi Bakı cavab verib


Cozep Borrell
Cozep Borrell

Avropa İttifaqı Qarabağda yerli əhaliyə təsir edən ciddi humanitar vəziyyətdən dərin narahatlıq ifadə edib. İttifaqın Xarici işlər üzrə Ali Nümayəndəsi Cozep Borrellin ötən gün verdiyi bəyanatda Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına baxmayaraq, Laçın dəhlizi ilə hərəkətin yeddi aydan çoxdur əngəlləndiyi qeyd edilir.

Borrell tibbi ləvazimatlar və zəruri malların çatışmadığı və ya artıq tükəndiyini vurğulayaraq bildirib ki, Azərbaycan hakimiyyəti Laçın dəhlizi boyunca azad və təhlükəsiz hərəkəti təmin etməli, böhranın daha da genişlənməsinə imkan verməməlidir.

“Biz Azərbaycan hakimiyyətinin təchizatların həmçinin Ağdam şəhəri üzərindən çatdırılması ilə bağlı təklifini nəzərə alırıq. Buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxmaq olmaz,” Ali Nümayəndə əlavə edib.

Aİ həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regiondakı fəaliyyətinin, o cümlədən tibbi evakuasiyalar və humanitar təchizatın tam bərpasına, bütün tərəfləri humanitar fəaliyyətləri siyasiləşdirməməyə çağırıb.

“Avropa İttifaqı, xüsusən də Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin dəstəklənməsi, eləcə də Bakı ilə Xankəndi arasında dialoqun təşviqi ilə ciddi şəkildə məşğul olub. Bu, həmçinin bütün tərəflərin danışıqların nəticələrinə, ümumi maraqlara və qarşılıqlı etimada əsaslanan gələcəyə həqiqi sadiqliyini tələb edir,” bəyanatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Cozep Borrellin bəyanatına cavab olaraq bildirib ki, Azərbaycanın Laçın yolu vasitəsilə qeyri-qanuni fəaliyyətlərin aparılmasının qarşısını almaq üçün gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır.

“Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də 26 iyul tarixində “humanitar yük” adı altında avtomobil konvoyları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb,” Nazirlyin məlumatında qeyd edilir.

Rəsmi Bakı daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsini təklif etdiyini bildirib.

“Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir” - bəyanatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG