Accessibility links

Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasına da mənfi cavab verdi


Vətəndaş Həmrəyliyi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası

"Siyasi Partiyalar haqqında" yeni qanuna uyğun olaraq siyasi partiyalar iyulun 12-dək yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) iyulun 5-də təqdim etdiyi üzvlüklə bağlı müraciətinə cavab verib.

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin məlumatına görə, nazirlik təqdim edilmiş siyahıda 9246 nəfərdən yalnız 255 nəfər VHP üzvü olduğunu təsdiq etməyib. Lakin Ədliyyə Nazirliyi onlara da mənfi cavab verib:

"1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi bildirilib. Rəsmi cavabda 4 minə yaxın adam barədə isə qeyd olunub ki, telefonlara cavab verməyiblər, yaşı çatmır, vəfat edib, yaxud partiya üzvlərinin eyni telefon (mobil və ev) nömrələrindən istifadə etdikləri qeyd olunub. Aydınlıq üçün bildiririk ki, bu kənd rayonlarında ailədə və rayon təşkilatı özəklərində bir neçə şəxsin bir telefon nömrəsindən istifadəsi ilə bağlıdır".

Samir Əsədli qeyd edib ki, "Siyasi Partiyalar haqqında" qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin olması tələbi qoyulmayıb.

Samir Əsədli
Samir Əsədli

"Bütün bu və digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reyestrdə təsdiqləndiyi ortaya çıxır. Göründüyü kimi, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir. Bununla belə, göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısının daha da dəqiqləşdirib yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik", deyə Mərkəzi İcra Aparatının rəhbəri bildirib.

Ədliyyə Nazirliyindən Vətəndaş Həmrəyliyi Partiyasına verdiyi cavabla bağlı şərh almaq mümkün olmayıb.

İyulun 17-də Ədliyyə Nazirliyi REAL Partiyasına da mənfi cavab verib. Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu qeyd olunub.

İyulun 19-da isə Müsavat Partiyasına da Ədliyyə Nazirliyi tərəfindən oxşar cavab verilib.

Nazirlik Azərbaycan Xalq Cəbhəsi Partiyasına, həmçinin AĞ Partiyaya da da mənfi cavab verib.

Bu günə qədər ancaq hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.

Sənəd müxalif partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.

Siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

"Siyasi Partiyalar haqqında" qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.

Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə deyib ki, son günlərdə yenidən qeydiyyat üçün müraciət edən bir sıra müxalif siyasi partiyaların üzvlərinə dövlət orqanlarından zəng edərək siyasi iradələri ilə bağlı suallar verilməsi qorxu mühiti yarada bilər.

Akif Qurbanov
Akif Qurbanov

"Siyasi partiyaların qeydiyyatı ilə bağlı üzvlərinin reyesteri yaradılıb. Bu səbəbdən üzvlərin reallığını yoxlamaq vasitələrindən biri də canlı sual-cavab etməkdir. Burada formal olaraq hər hansı problem yoxdur. Amma Azərbaycanda siyasi mühitin kontekstini nəzərə alanda təbii ki, bu həm də çəkindirici bir metod kimi başa düşülə bilir. Azərbaycan mühitində üzvlərə zəng edərək sorğu-sual etmək qorxu mühiti yarada bilərmi? Bəli, qorxu yarada bilər. Çünki Azərbaycanın dövlət qurumu ilə siyasi opponent olan tərəflər arasında normal kommunikasiya yoxdur", o qeyd edib.

Akif Qurbanov hesab edir ki, Azərbaycan hakimiyyəti təkcə "Siyasi Partiyalar haqqında" qanunla yox, həm də "Media haqqında", eləcə də "QHT-lər haqqında" qanunla icazəli mühit formalaşdırır.

"İcazəli vətəndaş cəmiyyəti, icazəli media, yəni sistemin mediası, sistemin vətəndaş cəmiyyəti, indi də sistemin, özlərinin siyasi partiyalarını yaradırlar. İcazəli siyasət formalaşdırırlar", deyə Qurbanov qeyd edib.

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanın "Siyasi Partiyalar haqqında" yeni qanunu haqqında birgə rəyində deyilir ki, yeni qanun "ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib".

Azərbaycan rəsmiləri isə bildirib ki, Avropa Şurasının Venesiya Komissisyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun razılaşmadığı məqamlar qanuna mənfi prizmadan baxılması və sənədə yenidən baxılması üçün heç bir əsas yaratmır.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG