Accessibility links

Riçard Kazlariç: Qubad İbadoğlunun həbsi onun özü, ailəsi və Azərbaycan üçün qəbuledilməzdir


Riçard Kazlariç: Qubad İbadoğlunun həbsi onun özü, ailəsi və Azərbaycan üçün qəbuledilməzdir
please wait

No media source currently available

0:00 0:08:22 0:00

Riçard Kazlariç: Qubad İbadoğlunun həbsi onun özü, ailəsi və Azərbaycan üçün qəbuledilməzdir

Birləşmiş Ştatlar Konqresinin bir neçə üzvü Azərbaycan rəsmilərini London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da Qubad İbadoğlunun həbsilə bağlı narahatlıqlarını ifadə edərək, onun azad edilməsinə çağırıblar. ABŞ Dövlət Departamentinin nümayəndəsi Birləşmiş Ştatların insan hüquqları ilə bağlı narahatlıqları açıq və fərdi qaydada ifadə etdiyini bildirib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlunun həbsinə və ABŞ-ın Azərbaycanda insan hüquqları sahəsində durumla bağlı reaksiyaları haqda danışıb.

Amerikanın Səsi: ABŞ qanunvericiləri Azərbaycan hakimiyyətini tanınmış iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri doktor Qubad İbadoğlunu dərhal azad etməyə çağırıblar. Vəkili və ailə üzvlərinin sözlərinə görə, onun səhhəti pisləşir. Bakıda məhkəmə onun onun barəsində 3 ay 26 gün müddətində həbs qətimkan tədbiri seçib. Apellyasiya Məhkəməsi onun həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib. Dövlət Departamentinin sözçüsü deyib ki, “insan hüquqları ABŞ üçün həmişə müzakirə mövzusudur və ABŞ öz narahatlığımızı açıq və fərdi qaydada bildiririk”. ABŞ-ın Qubad İbadoğlunun işi ilə bağlı reaksiyası barədə nə düşünürsünüz?

Riçard Kazlariç: İlk öncə onu demək istəyirəm ki, onun şərlənərək həbs olunması məni çox hiddətləndirir. Bütün bunlar Bakı rejimi rəsmilərinin hansınınsa düşüncəsinin məhsuludur. Mən Dövlət Departamentinin dediklərini alqışlayıram, amma bilirsiniz, bu tanış səslənir. Əslində mən də səfir olanda eyni sözləri deyirdim. Ona görə də baş verən hadisənin şəxsən onun özü, onun ailəsi üçün qəbuledilməz olduğunu etiraf etmək önəmlidir. Lakin bu hadisənin xüsusilə də Ermənistan və Azərbaycanla çox vacib işlərin görüldüyü, Cənubi Qafqazda daimi sülh quruculuğu üçün çox vacib işlərin aparıldığı bir vaxtda baş verməsi Azərbaycan üçün qəbuledilməzdir. Amma mən qorxuram ki, bu, bir neçə ildir müşahidə etdiyimiz insan haqları ilə bağlı səsini ucaldan, müxalif siyasi partiyalar yaratmaqdan danışanların həbsə salınacağına dair mesaj vermək üçün onların həbs edildiyi tendensiyanın bir hissəsidir.

Amerikanın Səsi: Birləşmiş Ştatlar Qubad İbadoğlunun azad edilməsi üçün daha hansı addımlar ata bilər? ABŞ hökuməti Qubad İbadoğlunun azadlığa buraxılması üçün hansı diplomatik variantlardan istifadə edə bilər?

Riçard Kazlariç: Bunların bəziləri artıq həyata keçirilib. Əgər düzgün başa düşmüşəmsə, Amerika, Britaniya və Fransa səfirlikləri onun azad edilməsini tələb edərək eyni mövqedən çıxış ediblər. Düşünürəm ki, rəsmilərin Vaşinqtondan Bakıya səfərləri sırasında bu yaxınlarda bizim Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Bono həm Azərbaycanda, həm də Ermənistanda olub. O, sülh prosesini müzakirə etmək üçün orada olsa da Bakıda rəsmilərin cavab verməsi üçün bu məsələni qaldırmalıdır. Əgər tezliklə heç nə baş verməzsə və onun tibbi səbəblərə görə dərhal azadlığa buraxılması zərurətinin nə üçün əsaslı olduğunu qeyd etdik, o zaman hesab edirəm ki, ABŞ və müttəfiqlərimiz siyasi müxalifət nümayəndələrinin qanunsuz həbsinə və pis rəftara görə məsuliyyət daşıyan rəsmilərə qarşı Rusiya da daxil olmaqla, dünyanın digər yerlərdə tətbiq etdiyimiz sanksiyaları tətbiq etməyi düşünməlidirlər. Bununla mən səyahət qadağalarını, potensial maliyyə sanksiyalarını nəzərdə tuturam. Maliyyə Nazirliyi bütün bu vasitələrə malikdir. Bunları tətbiq edib-etməmək ABŞ hökumətinin verəcəyi siyasi qərardır.

Amerikanın Səsi: Bəzi tənqidçilər ABŞ-ın Azərbaycanda demokratiya və insan hüquqlarının təşviqindən daha çox enerji və təhlükəsizlik məsələlərinə prioritet verdiyini iddia edirlər. Bayden administrasiyasının məsələ ilə bağlı mövqeyi nədən ibarətdir? Azərbaycanda insan hüquqlarına hörmət edildiyini təmin etmək üçün hansı addımlar atılıb?

Riçard Kazlariç: Dövlət Departamentinin sözçüsünün dediyi kimi, açıq şəkildə görülən işlər də var, özəl şəkildə də görülən işlər də. Mənim özəl görüşlər haqqında məlumatım yoxdur, ona görə də onların sözünə güvənməliyəm. Amma təbii ki, dövlət katibi Blinken və digər rəsmilər insan hüquqlarının pozulmasının Azərbaycanla arzuladığımız münasibətlərlə bir araya sığmadığını açıq şəkildə bəyan ediblər. Enerji o qədər də önəmli deyil. Bu, əlbəttə ki, 1990-cı illərdə olduğu kimi deyil. Avropanın enerji ilə bağlı ABŞ-dan daha ciddi narahatlıqları ola bilər. Təhlükəsizlik məsələsi istənilən halda Ukraynada müharibə, eləcə də İranın həm bu regionda, həm də Yaxın Şərqdə yararsız mövqeyinə görə qalmaqda davam edəcək. Buna görə də təhlükəsizlik əlaqələri vacib olacaq. Lakin biz bütün bunları eyni vaxtda edə bilərik. Başqa sözlə, biz insan hüquqları baxımından daha qətiyyətli ola bilərik və o, azadlığa buraxılmadığı və digər siyasi məhbusların azad edilməsində irəliləyiş əldə olunmadığı təqdirdə ABŞ-ın nə edəcəyi məsələsində daha açıq ola bilərik. Unutmayın ki, Azərbaycanda siyasi məhbus sayılan bəlkə də 90-a yaxın insan var və biz onların da gələcəyi haqda narahat olmalıyıq.

Amerikanın Səsi: ABŞ-ın sonuncu səfirinin Bakıda fəaliyyətini bitirməsindən bir ildən bir qədər artıq vaxt keçir. Yeni səfir vəzifəsinə namizəd nominasiya olunub, lakin hələ təsdiqlənməyib. Sizin fikrinizcə, Bakıda diplomatik missiyada səfirin olmaması ABŞ-ın Qubad İbadoğlunun işi kimi məsələlərə reaksiyasına hansı şəkildə təsir göstərə bilər?

Riçard Kazlariç: Mən səfirin olub-olmamasının insan hüquqları məsələsinə verdiyimiz prioritetə təsir edəcəyinə əmin deyiləm. Amma bilirsiniz ki, bu vəzifə Vaşinqtonda, Dövlət Departamentində, Ağ Evdə qərarlaşdırılır. Səfir əlbəttə ki, vacibdir, çünki səfirin olmadığı şəraitdən fərqli olaraq səfir daha çox imkanlara malikdir. Hazırkı daxili siyasi vəziyyət təkcə Bakıya deyil, dünyanın bir çox ölkələrinə səfirlərin göndərilməsi prosesini ləngidib. Mən hesab edirəm ki, Konqres başqaları kimi səfirin olmamasına görə məsuliyyət daşıyır. Amma siz düz deyirsiniz, bir il uzun müddətdir və əgər biz insan hüquqları, Ermənistanla Azərbaycan arasında münasibətlərdə, regional təhlükəsizlik məsələlərində irəliləyiş əldə etmək istəyiriksə, orada səfirin olması çox, olduqca vacibdir.

Amerikanın Səsi: Sizin fikrinizcə, Azərbaycan rəsmiləri Qubad İbadoğlunun azad edilməsi ilə bağlı beynəlxalq çağırışlara necə cavab verəcək? Gözləntiləriniz nədən ibarətdir?

Riçard Kazlariç: Mən təxmin etməyi sevmirəm, çünki bu, əsas etibarilə bir nəfərin qərarınadan asılıdır və o da İlham Əliyevdir. Qubad [İbadoğlunun] azad edilib-edilməyəcəyinə, nə vaxt buraxılacağına o qərar verməlidir. Siyasi müxalifət nümayəndələrinin həbs olunduğu digər hallarda əvvəlki davranışlar onu deməyə əsas verir ki, nə vaxtsa hakimiyyət beynəlxalq reputasiya baxımından bədəlin həmin şəxsin həbsdə saxlanmasında gördükləri hər hansı faydadan üstün olacağına qərar verəcək. Amma fərq baxımından məni təəccübləndirən odur ki, bir neçə həftə əvvəl İlham Əliyev əmin deyiləm, fikrimcə, Çin mediasına verdiyi müsahibə zamanı daxili təhlükənin, ona və rejiminə daxili siyasi təhlükənin olmadığını demişdi. Amma buna baxmayaraq, cəmi bir neçə həftə sonra bu tamamilə lazımsız, izah olunmayan həbs baş verir. Lakin müxalif siyasi partiyalara münasibətlə bağlı başqa bir aspekt də var. Fikrimcə, ən azı üç, indi daha çox ola bilər, siyasi partiya qeydiyyatdan keçirilməyib, çünki bu barədə qərar verənlər siyasi partiyanın qeydiyyatı üçün tələb olunan şəxslərin imzalarının səhv və ya qanunsuz olduğuna qərar veriblər. Mən dəqiq termini bilmirəm. Amma bunun bir hissəsi təkcə onun şəxsən özü və onun narahat olduğu şeylər baxımından deyil, həm də bildiyiniz kimi, siyasi müxalifətə qarşı güclənən repressiyalar baxımından da nəzərə alınmalıdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG