Accessibility links

Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı deyilir


“Qubad İbadoğlunun qan təzyiqi qeyr-stabildir. Qan təzyiqinin yuxarı həddi 138-140-dır, aşağı həddi çox yükəskdir, 97-98 olur. Ürək döyüntüləri 90-92 olur. Şəkəri də çox yüksəkdir. Ac qarnına şəkəri 142-152 olur. Ancaq dərmanlar qəbul edir. Dərmanları soyuducuda saxlayırlar, axşam saat 20-dək verirlər. 8-9 adda dərman qəbul edir. Buna baxmayaraq, qan təzyiqi və şəkəri normadan çox yükəkdir. Ürək döyüntüləri də çoxdur”.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev avqustun 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşündən sonra Amerikanın Səsinə deyib.

Vəkil: Qubad Ibadoğlunun təzyiqi, ürək döyüntüsü və şəkəri çox yüksəkdir
please wait

No media source currently available

0:00 0:03:06 0:00
Direct link

Vəkil İbadoğlunun Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsi üçün hələ müraciət edilmədiyini deyib. Onun sözlərinə görə, İbadoğlunun səhhətindəki problemlər daha çox qapalı şəraitdə saxlanılması ilə bağlıdır.

“Bu səbəbdən hazırda onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatətlər veririk”, o qeyd edib.

Vəkilin sözlərinə görə, İbadoğluna telefon danışıqlarına icazə verilsə də, hələ ailə üzvləri ilə görüşünə imkan yaradılmır. Bu səbəbdən müdafiə tərəfinin Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Vəkil avqustun 15-də Qubad İbadoğlu ilə bağlı istintaq hərəkətlərinin aparıldığını deyib.

“Qubad bəy ittihamları qəbul etmir və rədd edir. İsintaqla bağlı bunları deyə bilərəm. Lazım gələrsə məhkəmə prosesi başlayanda təfsilatına varacağıq”, o qeyd edib.

Qubad İbadoğlunun ailə üzvləri göndərilən sovqatın bir hissəsinin ona çatdırılmadığını bildirir.

Bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul da Facebook səhifəsində yazıb.

“Dünən öyrəndim ki, Qubad müəllimə göndərdiyimiz sovqatların bir hissəsi bizdən qəbul edilsə də, qardaşıma çatdırılmır. Kitab qorxunuzu başa düşürəm, elmdən, kitabdan, alimdən qaranlıq işıqdan qorxan kimi qorxursunuz. Bəs, qarabaşağı (qreçkanı) niyə vermirsiniz? Bilirsiniz ki, Qubad müəllim şəkər, təzyiq xəstəsidir, dietik yeməklərlə qidalanmalıdır.Atisanitariya qovşağına çevirdiyiniz sanitar qovşağını təmizləmək məqsədilə göndərdiyimiz “Domestos”u niyə müsadirə edirsiniz?”

Qalib Toğrul qardaşına göndərilən dərmaların əvvəlcədən həkim tərəfindən baxılamsına etiraz edib.

“Dərmanını niyə öncə həkim baxmalıdır bəhanəsi ilə götürürsünüz? Əminəm ki, bu suallara cavab vermək üçün min diliniz, minbir bəhanəniz var”, o deyib.

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, həbs edilmiş şəxs Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı barədə qardaşı tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki, Qubad İbadoğlunun ailə üzvləri tərəfindən təcridxanaya gətirilən bütün sovqatlar siyahı üzrə qəbul olunur. Həbs edilmiş şəxs sovqatdakı bütün məhsulları aldığını öz imzası ilə təsdiqləyir”, cavabda qeyd edilir.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Forum

XS
SM
MD
LG