Accessibility links

Qalib Toğrul: Qubad İbadoğlu axtarışları və həbsini əsassız hesab edir


Bakı Apellyasiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsi

Avqustun 21-də Bakı apellyasiya məhkəməsində hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun vəkillərinin apellyasiya şikayətinə baxılıb.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun Amerikanın Səsinə verdiyi məlumata görə, apellyasiya şikayəti Qubad İbadoğlunun son 2 ildə olmadığı ofisdə aparılan axtarışın qanunsuz olması barədə müdafiə tərəfinin veridiyi şikayət ilə bağlı olub.

Apellyasiya məhkəməsi müdafiə tərəfinin verdiyi şikayəti təmin etməyib.

Qalib Toğrulun sözlərinə görə, bugünkü məhkəmə prosesində Qubad İbadoğlu da iştirak edib.

O, məhkəmə prosesinin də, axtarışın və həbsinin əsassız olduğunu bir daha bildirib.

“Səhhətinə gəldikdə isə vəkillər bildirib ki, Qubad bəy çox arıqlayıb. Sifətinin rəngi çox bəyazdır. Hiss olunur ki, sağlam adamın sifətinin rəngi deyil. Qan təzyiqi və şəkəri isə daim oynayır. Ya lap aşağı, ya da ki lap yuxarı olur” - deyə, qardaşı əlavə edib.

Bununla yanaşı rəsmi qurumlar hələ bu xəbərlə bağlı şərh verməyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Forum

XS
SM
MD
LG