Accessibility links

BMT-nin İnsan Hüquqları Şurasında həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli ilə bağlı dinləmə olub


Nazim Bəydəmirli (Arxiv foto, Mənbə:VOA)
Nazim Bəydəmirli (Arxiv foto, Mənbə:VOA)

Gədəbəy rayonunun Söyüdlü kəndindəki hadisələr və Azərbaycan parlamentinin keçmiş deputatı Nazim Bəydəmirli barəsində cinayət işi sentyabrın 14-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında qaldırılıb.

Təmiz sudan istifadə probleminə həsr olunmuş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov çıxış edib.

O deyib ki, Söyüdlü kəndinin sakinlərinin dinc aksiyalarına Böyük Britaniyada qeydiyyatdan keçmiş Anglo Asian Mining şirkətinin zərərli istehsalla məşğul olması, kəndin ekologiyasını zəhərləməsi və zərərli kimyəvi tullantılardan göl yaratması səbəb olub.

Qəsəbənin onlarla sakini polisin zorakılığına məruz qalıb, etiraz aksiyaları başa çatdıqdan sonra da onların həbsləri davam edib. Həbs edilənlər arasında parlamentin keçmiş deputatı Nazim Bəydəmirli də var.

Emin Hüseynov bildirib ki, keçmiş deputat ictimaiyyətin diqqətini Söyüdlü kəndində təmiz su ilə bağlı problemə cəlb etdiyinə görə "siyasi motivli və qondarma ittiham"la həbs edilib.

"Bu kənddə etirazlar yeganə hadisə deyil, son bir ildə Azərbaycanda təmiz sudan istifadə hüququnu müdafiə üçün başqa dinc aksiyalar da qeydə alınıb, onların hamısı yatırılıb", hüquq müdafiəçisi qeyd edib.

O, BMT-ni ətraf mühiti mühafizə edənləri əlavə müdafiə ilə təmin etməyə çağırıb.

"Biz həmçinin Azərbaycan hökumətini ətraf mühiti mühafizə edən Nazim Bəydəmirlini dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq", Hüseynov bildirib.

Sessiya çərçivəsində o, həmçinin BMT-nin ətraf mühiti mühafizə edənlərin hüquqlarının müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Frostla görüş keçirib, onu Azərbaycana qiymətləndirmə missiyası həyata keçirməyə, habelə Nazim Bəydəmirlinin işinə diqqət yetirməyə çağırıb.

Xatırladaq ki, RATİ BMT-də məsləhətçi tərəfdaş statusuna malikdir.

İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də, sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining"​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

Forum

XS
SM
MD
LG