Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini Avropa Məhkəməsi qərarlarının icrasına çağırıb


Avropa Şurası
Avropa Şurası

Avropa Şurası Nazirlər Komitəsi yenidən Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin Məmmədli qrupu işi üzrə qərarlarını icra etməyə, qrupda yer alan 7 şəxsə tam bəraət verməyə çağırıb.

Məmmədli qrupu işləri Azərbaycanda 2013-2016-cı illərdə ictimai-siyasi fəalların, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətlərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə siyasi təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

Nazirlər Komitəsi növbəti dəfə fərdi tədbirlər kimi ərizəçilərin məhkumluğunun ləğv edilməsini və bu məhkumluqların onların cinayət qeydlərindən silinməsini, onlara qarşı irəli sürülən ittihamların bütün digər nəticələrinin aradan qaldırılmasına çağırıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli hesab edir ki, onun və digərləri ilə bağlı qərarların icra edilməməsi daxili hüquq sistemindəki çatışmazlıqların deyil, hökumətin siyasi iradəsinin olmamasının nəticəsidir.

Nazirlər Komitəsi ümumi tədbirlər çərçivəsində Azərbaycanın Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik edilməsini alqışlasa da, Azərbaycan hakimiyyətini prokurorluq orqanlarının zəruri olmadığı halda məhkəməyəqədər həbs-qətimkan tədbiri seçməməsi üçün əlavə tədbirlər görməyə çağırıb.

19-21 sentyabr tarixlərində baş tutan iclasında Nazirlər Komitəsi Azərbaycanla bağlı Məmmədli qrupu ilə yanaşı, Xədicə İsmayılova qrupu, Mahmudov və Ağazadə qrupu işləri üzrə qərarların icrası durumunu müzakirə edib.

Azərbaycan hökuməti araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi barədə bu ilin iyul ayında Nazirlər Komitəsinə fəaliyyət hesabatı təqdim edərək, istintaqın yenilənməsinə baxmayaraq, cinayəti törədənləri aşkarlaya bilmədiyini bildirib.

Nazirlər Komitəsi bu iş üzrə fərdi tədbirlər kimi istintaq işini davam etdirməyə çağırıb. Ümumi tədbirlərə gəlincə, Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini jurnalistlərə öz ifadə azadlığı hüquqlarından istifadə etmək imkanı verən əlverişli mühit yaradılmasını təmin edəcək və “Media haqqında” qanunun Avropa Şurasının standartlarına tam uyğunlaşdırılması istiqamətində konkret tədbirlər planı hazırlamağa dəvət edib.

Cinayət məcələsinin defamasiya və digər müddəlarından istifadə etməklə jurnalistlərin ifadə azadlığının pozuntusunu özündə əks etdirən Mahmudov və Ağazadə qrupu işi üzrə qərarlara gəlincə, Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini Konvensiya standartlarına uyğun olaraq jurnalistlərin özbaşına cinayət təqibindən müdafiəsinə yönəlmiş yerli məhkəmə təcrübəsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər görməyə dəvət edib.

Nazirlər Komitəsi bu işlər üzrə qərarların icra durumunu növbəti iclaslarında da müzakirə edəcəyini açıqlayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG