Accessibility links

BMT missiyası Qarabağda humanitar durumu öyrənir


Qarabağı tərk etməyə hazırlaşan erməni sakinlər Xankəndi mərkəzində avtobuslar gözləyərkən. (25 sentyabr, 2023)
Qarabağı tərk etməyə hazırlaşan erməni sakinlər Xankəndi mərkəzində avtobuslar gözləyərkən. (25 sentyabr, 2023)

Oktyabrın 1-də Birləşmiş Millətlər Təşkilatının missiyası Qarabağa gəlib. Yerli medianın məlumatına görə, BMT nümayəndələri bu gün səhər saatlarında Ağdamdan keçərək, Xankəndiyə gedib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri daha sonra Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.

BMT-nin Baş Qərargahında brifinq zamanı BMT komandalarının təxminən 30 ildə ilk dəfə Qarabağa giriş əldə etdiyini vurğulayan BMT sözçüsü bildirib ki, misssiyaya BMT-nin Yardım Koordinasiya Ofisinin (OCHA) yüksək səviyyəli rəsmisi və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik və OCHA-dan texniki komanda daxildir.

"Orada olarkən, komanda yerdəki vəziyyəti qiymətləndirməyə və həm qalan insanlar, həm də hərəkətdə olan insanlar üçün humanitar ehtiyacları müəyyən etməyə çalışacaq. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını öyrənməkdir”, sözçü qeyd edib.

Azərbaycan rəsmi qurumları hələ BMT missiyasının səfəri ilə bağlı şərh verməyib.

Ermənistanın Azərbaycanla səhərində yerəşən Kornizsor kəndində Qarabağdan gələn ermənilərin qeydiyyatı aparılır. (26 sentyabr, 2023)
Ermənistanın Azərbaycanla səhərində yerəşən Kornizsor kəndində Qarabağdan gələn ermənilərin qeydiyyatı aparılır. (26 sentyabr, 2023)

Öz növbəsində, keçən həftə buraxılan tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın Fövqəladə Hallar Xidmətinin nümayəndəsi olmuş Hunan Tadevosyan Ermənistan mediasına bildirib ki, “BMT missiyasının Artsaxa (Qarabağa) səfəri, bütün digər humanitar təşkilatların səfəri kimi, artıq gecdir, məzmundan daha çox formal xarakter daşıyır”.

“Könüllülüklə məşğul oldum. Zirzəmilərdə nə qədər adam var idi, nə baş verdiyini anlamayan ruhi xəstələri belə, öz əllərimlə avtobuslara mindirdim, Stepanakertdən (Xankəndi) çıxardıq. Sosial şəbəkələrdə 7 uşaqlı ananın, ər-arvadın qalması ilə bağlı məlumat yayılıb. Bir daha bütün şəhəri gəzdik, amma heç kimi tapmadıq. Stepanakertdə əhali qalmayıb, əgər varsa, deməli, bunlar bir-bir sayıla biləcək insanlardır. Məndə olan məlumata görə, keçmiş prezidentlər və siyasi rəhbərlik hələ də Artsaxdadır”, o qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X (keçmiş Twitter) hesabında yazıb ki, ayrı-seçkiliyə, tərəfkeşliyə yol verməyən humanitar reaksiya və yardım insanlığın əsas prinsipi olmalıdır.

“Beynəlxalq donor ictimaiyyətinin Azərbaycanın Qarabağ bölgəsindən olan, özü də könüllü olaraq Ermənistana getmək qərarına gələn və Ermənistan pasportuna malik olan mülki erməni vətəndaşlarına kömək etməsi müsbət göstəricidir. Bununla belə, Ermənistanın 30 illik işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalan bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün donor ictimiyyətinin tam laqeydliyi, ayrı-seçkiliyi və seçici rəftarına məruz qalır. Etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq humanitar yardımda bərabər və ayrı-seçkiliyə yol verilməyən rəftar olduqca vacibdir. Yalnız Azərbaycan hökuməti 30 ilə yaxındır ki, milyonlarla məcburi köçkün və qaçqının bütün ehtiyaclarını dəstəkləyir və təmin edir. Bu sahədə biz həm də seçici münasibət və ikili standartlarla üzləşirik. Ermənistan tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin yerlə-yeksan edilən və kütləvi şəkildə minalanmış evlərinə ləyaqətlə və təhlükəsiz qayıtmasının təmin edilməsi hələ də həll edilməli olan böyük problem olaraq qalır”, Hacıyev yazıb.

Ermənistan hökumətinin verdiyi məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi 24 saatlıq hərbi əməliyyat nəticəsində Qarabağ separatçı qüvvələrinin təslim olmasından sonra Qarabağı 100 mindən çox erməni tərk edib.

“İnsanlar acdır, yorğundur və dərhal yardıma ehtiyac durular” – deyə BMT qaçqınlar agentliyinin rəhbəri Filippo Qrandi sosial media bölgədəki vəziyyətlə bağlı fikrini bildirib.

İtaliya bildirib ki, Ermənistan Avropa İttifaqından Qarabağdan gələn sakinlər üçün müvəqqəti sığınacaqlar və tibbi ləvazimatlar xahiş edib.

Roma Papası Fransis.
Roma Papası Fransis.

Roma Papası şənbə duasında Azərbaycan və Ermənistan arasında sülhə çağırış edib

Oktyabrın 1-də ənənəvi bazar günü nitqində Roma Papası Fransis Azərbaycanla Ermənistan arasında sülhü bərqərar olması üçün danışıqların keçirilməsinə çağırış edib və bölgədə humanitar böhranın yaşandığını əlavə edib.

“Mən son günlər Dağlıq Qarabağda köçkünlərin dramatik vəziyyətini izləyirəm və tərəflər arasında danışıqların keçirilməsi çağırışımı yeniləyirəm. Ümid edirəm ki, tərəflər arasında danışıqlar dayanıqlı razılaşmanın əldə edilməsinə kömək edəcək və humanitar böhrana son qoyacaq” - Papa bazar günü duası zamanı deyib.

Roma Papası həmçinin Qarabağda yanacaqdoldurma məntəqəsində partlayış qurbanlarını üçün dua etdiyini bildirib.

Azərbaycanın dövlət qurumlarının Xankəndidə fəaliyyətə başladığı bildirilir

Azərbaycan Prezidentinin Administrasiyasının yaydığı məlumata əsasən, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə oktyabrın 1-dən etibarən bölgədə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları fəaliyyətə başlayıb.

“Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır. Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir”, məlumatda qeyd edilir.

Xankəndi şəhəri
Xankəndi şəhəri

Qeyri-rəsmi məlumtalara görə, hazırda Azərbaycanın Qarabağ bölgəsində bir neçə yüz erməni əsilli sakin qalıb.

Prezidentinin Administrasiyasından həmçinin bildirilir ki, oktyabrın 1-də Azərbaycan səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndinə ezam olunub.

Bundan öncə Xankəndində Azərbaycan Fövqəladə Hallar Nazirliyi və polisin fəaliyyətə başladığı bildirilmişdi.

Azərbaycan baş prokuroru: Qarabağda cinayətdə günahlandırılan 300-dən çox şəxs beynəlxalq axtarışdadır

Azərbaycanın baş prokuroru Kamran Əliyev oktyabrın 1-də Qarabağda cinayət törətməkdə şübhəli bilinən erməni separatçı qüvvələrinə mənsub olan şəxslərə müraciət edərək, onları könüllü şəkildə təslim olmağa çağırıb.

Kamran Əliyev
Kamran Əliyev

Baş prokurorun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bəri törədilən cinayətlərin hamısı qeydə alınıb: “Ümumilikdə 103 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var.”

Kamran Əliyev qeyd edib ki, axtarışda olanlardan 4 nəfər hazırda həbsdədir. O əlavə edib ki, Qarabağ separatçı qüvvələrinin yüksək vəzifəli rəhbərləri olmuş Araik Arutyunyan, Cəlal Arutyunyan da beynəlxalq axtarışa verilənlərin sırasındadırlar.

20 sentyabrda Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi 24 saatlıq hərbi əməliyyatdan sonra tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyan, keçmiş müdafiə naziri Lyova Mnatsakanyan, müdafiə nazirinin müavini Davit Manukyan, keçmiş xarici işlər naziri Davit Babayan Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həbs edilib.

Rəsmi Yerevan, o cümlədən Ermənistan Müdafiə Nazirliyi yüksək rütbəli hərbçilərin həbsinə hələ münasibət bildirməyib.

Bu arada, sentyabrın 30-da Yerevanda yüzlələr insan Azərbaycan hökuməti tərəfindən həbs edilən Ruben Vardanyana dəstək yürüşü keçirib.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Ruben Vardanyanın həbsi ilə bağlı paylaşdığı foto. (28 sentyabr, 2023)
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Ruben Vardanyanın həbsi ilə bağlı paylaşdığı foto. (28 sentyabr, 2023)

“Biz bütün dünya liderlərini, xəbər mediasını və insan haqları müdafiəçilərini bu mübarizəyə qoşulmağa və Ruben Vardanyanın və bütün məhbusların, qeyri-qanuni saxlanılan hər kəsin qeyd-şərtsiz, dərhal və təhlükəsiz azad edilməsini və geri qaytarılmasını tələb edirik” – yürüşün təşkilatçısı olan Ruben Hayrpetyan bildirib.

Bununla yanaşı, Azadlıq Radiosunun erməni xidməti bildirib ki, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın son prezidenti olmuş Samvel Şahramanyan hazırda Azərbaycan tərəfi ilə separatçı qüvvələrin hərbi-siyasi rəhbərliyinin Qarabağı təhlükəsiz tərk etməsi məsələsi ilə bağlı danışıqlar aparır.

Azadlıq Radiosunun Ermənistanın hökumətyönlü dairələrinə istinadən bildirdiyinə görə, “Dağlıq Qarabağ Respublikası”nın üç keçmiş prezidenti - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan həbs oluna bilərlər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan hərbçisinin snayper silahından atəş nəticəsində həlak olduğunu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş nəticəsində hərbi qulluqçu Vüsal Orucov həlak olub.

Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bununla yanaşı Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliynin məlumatını təkzib edib və həqiqəti əks etdirmədiyini bildirib.
Bu, Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi hərbi əməliyyatdan sonra iki ölkənin hələ delimitasiya olunmamış şərti sərhədində ilk ölüm hadisəsidir.

Sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirilmiş "lokal antiterror tədbirləri" zamanı 192 hərbçi və 1 mülki şəxsi həlak olub, o cümlədən 511 hərbçi və 1 mülki şəxsi yaralanıb. Erməni separatçı qüvvələri tərəfindən ölən və yaralananlarla bağlı dəqiq rəqəm məlum olmasa da, bunun yüzlərlə olduğu ehtimal edilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG