Accessibility links

Məhsa Əmini və İranda "Qadın, Həyat, Azadlıq" hərəkatı Saxarov mükafatına layiq görülüb


Məhsa Əmini və İranda "Qadın, Həyat, Azadlıq" hərəkatı Avropa Parlamentinin 2023-cü il Saxarov Fikir Azadlığı mükafatına layiq görülüb.

Oktyabrın 19-da Strasburqdakı plenar iclasda mükafatın builki laureatını elan edən Avropa Parlamentinin prezidenti Roberta Metsola İranda bərabərlik, ləyaqət və azadlıq uğrunda mübarizə aparan insanların yanında olduqlarını deyib.

"16 sentyabrda İranda 22 yaşlı Məhsa Əmininin qətlindən bir il ötdü. Avropa Parlamenti qürurla İranda bərabərlik, ləyaqət və azadlıq uğrunda mübarizəni davam etdirən cəsur və boyun əyməyən insanların yanındadır. Biz həbsxanadan belə "Qadın, Həyat və Azadlığı" yaşatmağa davam edənlərin yanındayıq. Biz onları 2023-cü il Saxarov mükafatına layiq görməklə, onların mübarizəsini xatırlayır və azadlıq üçün ən yüksək qiyməti ödəmiş bütün insanları ehtiramla yad edirik", Roberta Metsola qeyd edib.

İranlı kürd Məhsa Əmini 2022-ci il sentyabrın 16-da İslam Respublikasının məcburi geyim qaydasını pozduğu iddiası ilə həbs olunduqdan sonra 22 yaşında vəfat edib. Onun ölümü İranda aylarla davam edən hökumət əleyhinə kütləvi etirazlara səbəb olub. İran hökuməti, o cümlədən ali ruhani rəhbər Ayətullah Əli Xameneyi sübut təqdim etmədən etirazların təşkilində Qərbi günahlandırsa da, nümayişçilər onilliklər boyu davam edən repressiya, qadınlara qarşı ayrı-seçkilik və sosial-iqtisadi problemlərə görə etiraz etdiklərini deyiblər.

Etirazların təhlükəsizlik qüvvələri tərəfindən yatırılması nəticəsində 500-dən çox adam öldürülüb, 22 mindən çox adam saxlanılıb. İran həbs edilən etirazçıların bəzilərinə ölüm hökmü qərarı çıxarıb.

Avropa Parlamenti 2022-ci ilin oktyabrında və 2023-cü ilin yanvarında qəbul etdiyi qətnamələrində Əmininin ölümündə, habelə dinc etirazlara qarşı repressiyalar törətməkdə məsuliyyət daşıyan iranlı rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına çağırıb.

Aİ habelə ABŞ, Kanada və Böyük Britaniya Məhsa Əmininin ölümündən sonra başlayan etirazların "zorakılıqla yatırılması" çərçivəsində törədilən kobud insan hüquqları pozuntularına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edib.

Forum

XS
SM
MD
LG