Accessibility links

Ekspert 2024-cü ildə Azərbaycanda bütün evlərin genişzolaqlı internetlə təmin ediləcəyini bildirir


2023-cü ilin 10 ayı ərzində Azərbaycanda 700 minə yaxın evə genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə 1,5 milyona yaxın ev genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 52 faizini təşkil edir və cari ilin sonuna kimi 60 faizə çatdırılması hədəflənib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulur.

“Hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər gedir. Bu texnologiya üzərindən vətəndaşlar istər ancaq telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır. Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır”, nazirlik qeyd edir.

"Ookla" şirkətinin "Speedtest Global İndex" metodologiyasına əsasən Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 faiz artıb.

Artım nəticəsində internetin orta sürəti bu ilin yanvarında 26.3 Mbps təşkil edib. Ötən ilin eyni dövründə sürət 17.5 Mbps olub.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə deyib ki, nazirliyin məlumatı reallığı əks etdirir.

Osman Gündüz: 2024-cü ildə bütün evlər genişzolaqlı internetlə təmin olunacaq
please wait

No media source currently available

0:00 0:03:17 0:00

“Nazirlik iki il bundan öncə “Onlayn Azərbaycan” layihəsinə başlayıb. Bu layihə Bakı, Bakıətrafı ərazilərdə və bütün ölkədə genişzolaqlı internet təminatını nəzərdə tutur. 2024-cü ilin sonunadək bütün ölkə üzrə evlər genişzolaqlı intenetlə təmin olunacaq”, o qeyd edib.

Onun sözlərinə görə, artıq nazirlik-özəl provayderlərin birgə tərəfdaşlığı nəticəsində milyondan çox evə GPON texnologiyası ilə genişzolaqlı internet çəkilib.

“Rayonların əksəriyyətində bir neçə briqada işləyir. Hətta elə rayon var 8-dək briqada çalışır”.

Ekspertin fikrincə, rayonlarda hələ keyfiyyətcə sürəti aşağı olan internet də qalır. Bununla yanaşı artıq 1,5 milyondan çox ev genişzolaqlı sürətli internetdən istifadə edir. İnternetin minimal sürəti də 25-30 Mbps-dir.

Osman Gündüz deyib ki, bir neçə il öncə hökumət ölkədə genişzolaqlı internet çəkilişi üçün 500 milyon manat ayırıb, lakin sonra həmin vəsaiti təmin etməkdən imtina edib.

“İndi nazirlik layihəni Asiya İnkişaf Bankından aldığı 85 milyon dollar kredit və öz daxili vəsaiti hesabına həyata keçirir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG