Accessibility links

Xalid Ağaliyev: Jurnalistlərə qarşı basqılar siyasi idarəetmə ilə bağlıdır


Xalid Ağaliyev
Xalid Ağaliyev

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində ölkədə son günlər jurnalistlərin həbsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda son günlər 6 jurnalist həbs edilib. İstintaq orqanı jurnalistləri qaçaqmalçılıqda, qanunsuz ev tikməkdə, polisə müqavimət göstərməkdə günahlandırsa da jurnalistlər həbslərini fəaliyyətlərinin məhdudlaşdırılması ilə əlaqələndirir. Siz necə hesab edirsiniz?

Xalid Ağaliyev: Hazırda Azərbaycanda ondan artıq jurnalist həbsdədir. Bu, ümumilikdə Avropa Şurası ölkələri arasında çox pis bir statistik göstəricidir. Azərbaycanda jurnalistlərin kütləvi şəkildə həbs olunması yeni bir trend deyil. Hələ 1998-ci ildən bu yana müxtəlif aralıqlarla jurnalistlərə qarşı belə basqılar baş verib. 2008-2010-cu illərdə Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə ATƏT məkanında birinci ölkə idi. Demək istəyirəm ki, bu, yeni trend deyil. Əvvəl yaşanmış belə hadisələrin nəticələri bizə onu deməyə əsas verir ki, bu həbslər dediyiniz ittihamlarla əlaqəli deyil. Azərbaycanda hökumətin media azadlığına, ifadə azadlığına münasibəti hamımıza bəllidir. Mənim fikrimcə, bu həbslər də məhz ifadə və media azadlığına yanlış yanaşmanın nəticəsi kimi qarşımıza çıxır.

Xalid Ağaliyev: Jurnalistlərə qarşı basqılar siyasi idarəetmə ilə bağlıdır
please wait

No media source currently available

0:00 0:05:58 0:00

Amerikanın Səsi: Azərbaycan Avropa Şurası qarşısında söz və mətbuat azadlığı ilə bağlı öhdəlik götürüb. Sizcə Azərbaycan öhdəliyini yerinə yetirirmi? Avropa Şurasına üzv ölkələr arasında jurnalistlərin həbsinə və media azadlığına görə Azərbaycanın durumunu necə xarakterizə edərdiniz?

Xalid Ağaliyev: Təəssüflər olsun ki, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrası kontekstindən yanaşanda da Azərbaycanda media və ifadə azadlığının durumu heç də yaxşı görünmür. İfadə azadlığının pozuntusunun tanındığı məhkəmə işlərinə baxanda Azərbaycan Avropa Şurası ölkələri arasında ilk sırada gələn ölkələrdəndir. Azərbaycanda jurnalistlərlə, media azadlığı ilə bağlı Avropa Məhkəməsinə göndərilmiş şikayətlərin demək olar ki, hamısında pozuntu tanınır. Bu bizim ümumi göstəricilərimizin görüntüsüdür. Avropa Şurası qarşısında söz azadlıqğı, media azadlığı ilə bağlı götürülmüş bir çox öhdəliklər var. Bunlardan ən önəmlisindən biri böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması məsələsidir. Bu da 20 ildən artıqdır təmin edilmir. Eyni zamanda Avropa Məhkəməsinin ifadə azadlığı hüququnun pozuntusunun tanındığı qərarları var. O qərarların da hamısı icra olunmasını gözləyir. Yəni, bütün bunları ümumiləşdirsək ölkəmizin mənzərəsi yaxşı deyil.

Amerikanın Səsi: Ölkədə medianın iqtisadi durumu necədir? Medianın iqtisadi durumu müstəqil və azad fəaliyyətinə təminat yarada bilirmi?

Xalid Ağaliyev: Ümumiyyətlə maliyyə mənbəyi, medianın müstəqil şəkildə maliyyəyə çatım məsələsi media azadlığının əsas faktorlarından biridir. Media və jurnalistlərin azad şəkildə fəaliyyət göstərməsi üçün dayanıqlı maliyyə qaynağına malik olmalıdır. Bir biznes sahəsi olaraq Azərbaycanda da medianın əsas maliyyə qaynağı reklam gəlirləri olmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycanda azad və müstəqil media reklam gəlirlərindən tamamilə məhrumdur. Demək olar ki, onların reklama və maliyyəyə çatımı mümkün deyil. Reklam bazarı var və bu hökumətin nəzarətində olan medialara aiddir. Yerdə qalan medialar isə daha çox xaricdən maliyyə almağa, qrant vəsaitlərinə çatım əldə etməyə məhkumdurlar. Təəssüflər olsun ki, eyni zamanda bu maliyyə vəsaitlərinə çatım da çox ciddi problemlidir. Həm yeni qəbul olunmuş “Media haqqında” qanun, həm də əlaqəli digər qanunlar bu cür vəsaitlərə çatımı demək olar ki, mümkünsüz hala gətirib.

Amerikanın Səsi: Azərbaycanda media azadlığı sahəsində durumla bağlı beynəlxalq və yerli tənqidlər qanunvericilikdən, yoxsa siyasi idarəetmədən qaynaqlanır? İndiki durumdan çıxışı nədə görürsünüz?

Xalid Ağaliyev: Azərbaycanda medianı tənzimləyən qanunlar çox ciddi problemlidir. İki il, üç il öncəki vəziyyətə baxsaq, durum xeyli fərqli idi. Amma yeni qəbul olunmuş qanunvericilik vəziyyəti çox ciddi dərəcədə dəyişib və azad medianın fəaliyyəti üçün xeyli yeni maneələr ortaya qoyub. Amma qanunvericiliyin mətni başqadır, onun tətbiqi başqadır. Hazırda ortalığa çıxan problemləri biz bilavasitə “Media haqqında”, bu sahəni tənzimləyən digər qanunlara bağlaya bilmərik. Mən əvvəldə dedim ki, hətta 1998-ci ildən bu yana Azərbaycanda jurnalistlərə qarşı kütləvi basqılar, kütləvi həbslərlə bağlı daimi bir təcrübə mövcud olub. Hər 3-5 ildən bir ən önəmli siyasi hadisə öncəsində jurnalistlərə qarşı belə hadisələr yaşanıb. Bu da onu göstərir ki, bu daha çox siyasi idarəetmə ilə bağlıdır. Daha çox qanunvericiliyin tətbiqindən yox, hökumətin azad media, jurnalist azadlığı ilə bağlı dözümsüz siyasətinin nəticəsidir.

Qeyd: Bu Xalid Ağaliyevin fikirləridir. Rəsmi Bakı ölkədə media azadlığının tam bərqərar olduğunu bildirir. Rəsmilərin fikrincə Azərbaycanda insanlar iradəsinə, fikirlərinə görə təqib olunmur, hamı qanun qarşısında bərabərdir.

Bununla yanaşı, Azərbaycan Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 151-ci yerdədir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG