Accessibility links

Azərbaycan məhkəməsi Ermənistan hərbçisini 18 il həbsə məhkum edib


Qaqik Voskanyan (Mənbə: Sosial şəbəkələr)
Qaqik Voskanyan (Mənbə: Sosial şəbəkələr)

Dekabrın 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Abdulla Məmmədovun sədrliyi ilə Ermənistan hərbçisi Qaqik Voskanyanı 18 il həbsə məhkum edib.

Voskanyan bu il avqustun 16-da Azərbaycanın Ermənistanla hələ delimitasiya olunmamış şərti sərhədinin Kəlbəcər rayonu istiqamətində saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan hərbçisi diversiya-kəşfiyyat qrupunun üzvü olub.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 214.2.1 (terrorizm) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələrilə ittihamlar irəli sürülüb.

Məhkəmə Voskanyanı ilk 5 ili qapalı həbsxanada keçirməklə 18 il müddətinə azadlıqdan məhrum edib.

Voskanyan cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək.

Ermənistan Voskanyanın kəşfiyyat-diversiya qrupunun üzvü olması, təxribat törətmək məqsədilə Azərbaycan sərhədini gizli keçməsi haqda iddiaları təkzib edib.

"Ehtiyatda olan hərbi qulluqçu, təlim-məşq toplanışının iştirakçısı Qaqik Voskanyan döyüş mövqeyini tərk edib. Ehtiyatda olan hərbçinin Azərbaycan tərəfinə necə düşə biləcəyi ilə bağlı mümkün ssenari və şərait öyrənilir", Ermənistan Müdafiə Nazirliyi bildirib.

Forum

XS
SM
MD
LG