Dekabrın 26-da Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib.
MSK-nin məlumatınada deyilir ki, MSK-nin bugünkü iclasında namizədlikləri özləri tərəfindən irəli sürülən Sərvan Kərimovun (elmi fəaliyyətlə məşğul olub), Mətləb Mütəllimlinin (Milli Məclisin bir çağırış və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, həmçinin Əbülfəz Elçibəy hökumətində Azərbaycan baş prokurorunun birinci müavini olub), Abutalıb Səmədovun (Azərbaycan Naminə Alyans Partiyasının sədri olub, Milli Məclisin iki çağırış deputatı (1994–2023) seçilib), Fikrət Yusifovun (Azərbaycanın maliyyə naziri (1994-1999) vəzifəsində çalışıb, hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir), Yusif Bağırzadənin (Əvvəllər Azərbaycan Milli İstiqlal Partiyasının sədri olub, Milli Məclisin bir çağırış deputatı seçilib, Mərkəzi Seçki Komissiyasının üzvü olub), Arzuman Abdulkərimovun (Ana Vətən Partiyasında sədr müavini olub), Yunus Oğuzun (Hazırda “Olaylar” qəzetinin baş redaktorudur. Əvvəllər Milli Vəhdət Partiyasının sədri (2000-2023), Vəhdət Partiyası sədrinin birinci müavini (1998-2000), Xalq Azadlıq Partiyasının sədri olub) və Qulamhüseyn Əlibəylinin (Milli Məclisin iki çağırış deputatı, Aydınlar Partiyasının sədri (2008-2023, daha əvvəl isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri olub) namizədliyinin irəli sürülməsi təsdiq edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.
Bundan öncə MSK hazırki prezident İlham Əliyevin, namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülən Zahid Oruc (Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri) və Fuad Əliyevin (keçmiş Liberal Demokrat Partiyasının sədri olub), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seşkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.
Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.
Müxalifət partiyaları və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin azad və ədalətli olmadığını, beynəlxalq standartlara cavab vermədiyini bildirib.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.
Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.
Forum