Accessibility links

İranla Azərbaycan arasında mal mübadiləsinin iki milyon tona çatdırılacağı bildirilir


Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü və piyada keçidi (Mənbə: AZƏRTAC)
Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü və piyada keçidi (Mənbə: AZƏRTAC)

İranın Nəqliyyat İnfrastrukturlarının Tikinti və İnkişafı Şirkəti bildirib ki, Azərbaycan və İran arasında yerləşən Astaraçay körpüsünün açılışı iki ölkə arasındakı əmtəə mübadiləsini iki milyon tona çatdıracaq.

İranın Nəqliyyat İnfrastrukturlarının Tikinti və İnkişafı Şirkətinin (CDTIC) baş direktoru Xeyrullah Xademi İRNA agentiyinə müsahibəsində İran və Azərbaycan arasında sərhəd körpüsünün açılışına işarə edərək, qonşu dövlətlərlə ticarət mübadiləsinin artırılmasının Yollar və Şəhərsalma Nazirliyinin əsas proqramlarından biri olduğunu deyib.

O qeyd edib ki, Astara bölgəsi iki ölkə arasında çox istifadə olunan nəqliyyat yollarından biridir və İranın Qafqaza, Avropa ölkələri və Rusiyaya açılan qapısıdır.

“İki ölkənin ortaq sərhədləri vasitəsilə tranzit imkanlarının artırılması üçün İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının rəhbərləri arasında intensiv danışıqlar aparılır. Ümid edirik ki, yeni açılan Astaraçay körpüsü mal mübadiləsi və sərnişinlərin tranzitini arıracaq”, o qeyd edib.

İranın şimal-qərbindəki Astara şəhərini Azərbaycan cənub-şərqindəki eyniadlı Astara şəhəri ilə (hər iki Astara şəhərində azərbaycanlılar yaşayır) birləşdirən yeni körpü dekabrın 30-da istifadəyə verilib.

Körpünün açılışında İranın yollar naziri Mehrdad Bəzrpaş və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iştirak edib.

Sərhəd körpüsünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 34 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

Forum

XS
SM
MD
LG