Accessibility links

Böyük Britaniyanın səfiri Tofiq Yaqublunun qızı ilə görüşüb


Fergus Auld və Nigar Həzi (Mənbə: Böyük Britaniya səfirliyi)
Fergus Auld və Nigar Həzi (Mənbə: Böyük Britaniya səfirliyi)

Yanvarın 17-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Milli Şuranın və Müsavat Prtiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı ilə görüşüb.

“İctimai fəal Nigar Yaqublu ilə görüşdə onun atası, müxalif siyasətçi Tofiq Yaqublunun həbsini və ailəsinin narahatlığını müzakirə etdik. Rəsmiləri müstəqil istintaqın aparılmasına və təzəlikcə həbs olunanların da, istintaq proseslərinə tez bir zamanda yekun vurmağa çağırıram”, səfir X platformasında qeyd edib.

Bundan öncə, Nigar Həzi ilə ABŞ-ın müvəqqəti işlər vəkili, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Fransanın Azərbaycandakı səfiri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri görüşərək atası Tofiq Yaqublunun həbsi ilə bağlı narahatlıqlarını bildirib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 10 jurnalist və media əməkdaşı həbs edilib.

2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), 2021-ci ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 200-dən çox şəxs həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG