Accessibility links

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxsin məhkəməsi yekunlaşıb


Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.
Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.

Tehranda müttəhim və vəkillərinin iştirakı ilə Azərbaycanın İrandakı səfirliyinə hücum ittihamı üzrə məhkəmə iclası keçirilib.

İRNA agentliynin məlumatına görə, məhkəmədə Azərbaycan səfirliyinin nümayəndələri də iştirak edib.

“İclasın əvvəlində hakim təqsirləndirilən şəxsə ittiham elan edib, daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs səfirlikdə Azərbaycan vətəndaşını qətlə yetirməkdə, qanunsuz silah və döyüş sursatı əldə etməkdə, daşımaqda və saxlamaqda, ictimai asayişə müdaxilədə ittiham olunur. O, həmçinin Azərbaycan səfirliyində dağıntılar törətməkdə və onun üç əməkdaşını məhv etməkdə və qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunur. İttiham aktı elan edildikdən sonra təqsirləndirilən şəxs və vəkilləri etirazlarını bildiriblər. İclasın sonunda bu işə baxılmasının yekunlaşdığı elan edilib və məhkəmə sədri hökmün qanunla müəyyən edilmiş müddətdə elan olunacağını vurğulayıb”, məlumatda qeyd edilir.

İRNA-nın məlumatına görə, 27 yanvar 2023-cü il səhər saat səkkiz radələrində “Pride” markalı avtomobil Azərbaycanın Tehrandakı səfirliyinin qarşısında dayanıb və avtomobildəki şəxs silahdan istifadə edərək səfirlik binasına daxil olub. Bu şəxsin səfirliyə hücumundan sonra Azərbaycan vətəndaşı olan bir nəfər ölüb, 2 nəfər yaralanıb.

Ədliyyənin sözçüsü 10 oktyabr 2023-cü ildə keçirdiyi mətbuat konfransında Azərbaycan səfirliyinə hücum edən şəxsin işinin son durumu ilə bağlı suala cavab olaraq deyib: Azərbaycanın səfirliyinə hücum edərək bu səfirliyin əməkdaşının qəsdən öldürülməsinə səbəb olmuş bu şəxsin işi Tehran əyalətinin 1 saylı cinayət məhkəməsinə göndəriləcək. Cinayət prosesinin müddəalarının həyata keçirilməsində iş icraat mərhələsindədir. Ona hökm vermək üçün hələ məhkəmə keçirilməyib.

25 dekabr 2023-cü ildə Tehran əyalətinin baş hakimi Əli Əl-Qasi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı işdəki çatışmazlıqların və formal maneələrin aradan qaldırıldığını və bununla bağlı bu işə baxılma tarixinin yanvar ayına təyin olunduğunu bildirib.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.

Daha sonra iki ölkənin hərbi və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.

Xarici İşlər Nazirliyinin yanvarın 27-də yaydığı bəyanatda deyilir ki, akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməyib.

“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyatı qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılmışdır”, sənəddə qeyd edilir.

Nazir Ceyhun Bayramov deyib ki, Azərbaycan İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqama diqqət yetiriləcək.

"Birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərar qəbul edilməsidir. İkincisi səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təminat verilməsi və bizim buna arxayın olmağımızdır. Səfirlik əməkdaşlarımızın və ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar ölkəyə gətirilmişdi", nazir qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG