Accessibility links

Şərqi Azərbaycan sakini və siyasi fəal Əlirza Fərşi Tehran məhkəməsinə çağırılıb


Əlirza Fərşi
Əlirza Fərşi

Şərqi Azərbaycan vilayətində yaşayan türk dil haqları fəalı Əlirza Fərşi Tehran vilayətinin Baharistan şəhərinə məhkəməyə çağırılıb.

Siyasi fəal öz Instagram səhifəsində ona məhkəmə tərəfindən elektron bildiriş göndərildiyini bildirib. Fərşidən özünü “İran İslam Cümhuriyyəti nizamı əleyhinə təbliğat fəaliyyəti” ittihamına qarşı müdafiə etmək üçün 5 gün ərzində Baharistan məhkəməsinə müraciət etməsi istənilib.

Əlirza Fərşi əvvəlki illərdə Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar Baharistan məhkəməsi tərəfindən həbs və sürgün cəzasına məhkum edilib. O, hazırda Mərənd şəhərinin sakinidir.

Fərşi yaydığı açıqlamada məhkəməyə müraciət etməyəcəyini, ancaq yazılı bir “müdafiə layihəsi” göndərəcəyini bildirib.

“Nəzərinizə çatdırıram ki, mən Tehran vilayəti və Baharistan şəhərinin sakini deyiləm və o şəhərdə heç bir get-gəl və ya fəaliyyətim olmayıb. Yəni, mən o şəhərdə hər hansı qanunsuz bir fəaliyyət göstərmiş ola bilmərəm. Buna görə də, mən hər hansı suç ilməmiş olsam da (ki işləməmişəm), İran Cəza Qanunununun 116 və 310-cu maddələrinə əsasən o şəhərin məhkəmələrinin məni mühakimə etməyə səlahiyyəti yoxdur,” türk fəal yazıb.

O, məhkəməyə göndərdiyi müdafiə layihəsində “ətraf mühit və dil hüquqları sahəsində fəal olduğunu, lakin bu fəaliyyətlərin heç birinin qanuna zidd fəaliyyətlər olmadığını” vurğulayıb.

Əlirza Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl uzun müddət həbsdə saxlanılıb və universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O, Dünya Ana Dili Günü tədbirlərinə qatılmaq və türkcə kitab paylamaq kimi fəaliyyətlər səbəbilə mühakimə olunub. Fərşinin rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə yürütdüyü “Hər kənd üçün bir türkcə kitab evi” kampaniyası çərçivəsində İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərdə türkcə kitablar hədiyyə edilirdi. Həmin vəqfin fəaliyyətləri daha sonra ona qarşı çıxarılan məhkəmə hökmündə dəlil hesab edilib.

Forum

XS
SM
MD
LG