Accessibility links

ADR Partiyasının fəalı inzibati həbsə məhkum edilib


Əyyub Çələbi
Əyyub Çələbi

Fevralın 10-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Gənclər Təşkilatının fəalı Əyyub Çələbinin saxlanıldığı bildirilir.

Əyyub Çələbinin atası ADR Partiyasının Səbail rayon təşkilatının sədri Xəyyam Çələbi Amerikanın Səsinə deyib ki, oğlu həyətlərindəki mağazadan çörək almaq üçün gedib və geri qayıtmayıb.

“Qonşulardan öyrəndim ki, oğlumu evimizin həyətində üç nəfər mülki geyimli şəxs saxlayaraq avtomobillərinə oturdub aparıb. Müxtəlif mənbələrə baş vurduqdan sonra onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı məlum oldu”, o qeyd edib.

Ata Bakı şəhər Baş Polis İdarəsində olub və oğlunun taleyi ilə bağlı hər hansı məlumat ala bilməyib. Yalnız Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində ona şifahi olaraq bildiriblər ki, oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

“Polis bölməsinin əməkdaşı dedi ki, arxayın ola bilərsiniz, oğlunuz sağdır. O hüquq mühafizə orqanlarındadır. O cinayət işi ilə bağlı saxlanılmayıb. Sabah sizə zəng olunacaq”, Xəyyam Çələbi qeyd edib.

Ata oğlunun saxlanılmasının siyasi olduğunu deyib.

“Bu siyasi sifarişdir. Oğlumu mənə görə saxlayıblar. Bu mənim siyasi fəaliyyətimlə bağlıdır. Mən Qarabağ müharibəsinin birinci qrup əliliyəm. Hər iki ayağım yoxdur. Bu səbəbdən mənə cəza verə bilmirlər. Təzyiq kimi oğlumu cəzalandırırlar. Ola bilər ki, oğlum da tənqidi yazı yazıb. O yazdığı yazıları, hətta ondan sərt yazıları hər kəs yazır”, Xəyyam Çələbi qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb. O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Bununla yanaşı, Əyyub Çələbinin nədə ittiham olunduğu barədə məlumat verilmir.

Xatırladaq ki, ADR Partiyasının sədri Qubad İbadoğlu 2023-cü il iyulun 24-də həbs edilib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

ADR sədrinin həbsindən sonra bu partiyanın sədr müavini də daxil olmaqla onadək fəalı inzibati həbsə məruz qalıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG