Accessibility links

Sosial şəbəkələrdə Lənkəranda uşağın qızılcadan öldüyü bildirilir, rəsmi qurumlar tənəffüs çatışmazlığını qeyd edir


Azərbaycanın Lənkəran rayon Veravul kənd (Bakıdan 204 kilometr cənub) sakini, 6 yaşlı Xədicə Qurbanlının fevralın 18-də qızılca xəstəliyindən vəfat etdiyi bildirilir.

Bu barədə sosial şəbəkələrdə xəbərlər yayılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, 6 yaşlı Xədicə Qurbanlı "Kəskin tənəffüs çatışmamazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

“Xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb, ölüm faktı qeydə alınıb”, TƏBİB bildirib.

TƏBİB-in məlumatına görə, xəstədə anadangəlmə kvadroplegiya (qolun və ayağın tam və ya hissəvi zədələnməsi-red), spastik tetraplegiya (beyin iflici-red) diaqnozları olub.

Müstəqil tibb eksperti Amerikanın Səsinə bildirib ki, TƏBİB-in yaydığı məlumat xəstəliyin diaqnozunu tam müəyyən etmək üçün kifayət etmir.

“Çünki kəskin tənəffüs çatışmamazlığı və qıcolma müxtəlif xəstəliklərin əlaməti olaraq baş verə bilər. Bunun üçün məhkəmə tibbi ekspertizasının rəyinə ehtiyac var. Yalnız həmin rəyə əsasən xəstənin ölüm səbəbini müəyyən etmək mümkün olar”, o qeyd edib.

Bundan öncə, Azərbaycanda fevralın 8-də 6 yaşlı uşaq qızılcadan vəfat edib.

Dövlət Statistika Komitəsindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, ötən ilin 11 ayı ərzində Azərbaycanda 1 493 nəfər qızılcaya yoluxub. 2022-ci ildə isə cəmi bir hal qeydə alınmışdı.

Yerli medianın məlumatına görə, son aylarda qızılcadan ondan çox insan vəfat edib.

Azərbaycan Səhiyyə Nazirliyi həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.

Forum

XS
SM
MD
LG