Accessibility links

Türkiyə və Azərbaycan ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılacağını bildirir


Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Fevralın 19-da Azərbaycan prezidenti İlham Əliyevin seçkilərdən sonra Türkiyəyə ilk rəsmi səfəri zamanı iki ölkə arasında bir neçə sənəd imzalanıb. Prezident Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Görüşlərdən sonra prezident Əliyev və prezident Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan və Türkiyə arasında imzalanan sənədlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə memorandumdan ibarətdir.

İki ölkə arasında həmçinin baytarlıq sahəsində əməkdaşlıq, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər imzalanıb.

Türkiyə prezidenti Ərdoğan deyib ki, 2023-cü ildə Türkiyə və Azərbaycan arasında ticarətin həcmi 7,5 milyard dollara çatıb.

“Göstəricinin 15 milyard dollara çatması üçün əlimizdən gələni edəcəyik”, o qeyd edib.

Türkiyə prezidenti həmçinin Azərbaycan və Ermənistan arasında davamlı sülhün imzalanmasının regionda və dünyada sabitliyin mənbəyi olacağını bildirib. Prezident Ərdoğan deyib ki, münaqişənin sona çatması regionda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açılıb.

“Bu imkanlar pəncərəsinin bağlanmaması çox vacibdir”, Ərdoğan deyib.

Öz növbəsində prezident Əliyev deyib ki, iki ölkə arasında əməkdaşlıq yuxarıda göstərilən məsələlərlə məhdudlaşmayacaq. Müdafiə, eləcə də təhsil sahəsində əməkdaşlıq mühüm yer tutur. Prezidentlər Orta Dəhliz nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasına diqqət çəkib.

Birgə mətbuat konfransında bildirilib ki, Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG