Accessibility links

TƏBİB: Qızılcanın ən ağır fəsadları peyvənd olunmayan şəxslərdə müşahidə olunur


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində 12,882, nəfər parotit, məxmərək və qızılcaya qarşı peyvənd olunub. Birliyin verdiyi məlumata görə, Azərbaycanda peyvəndlənmə prosesinə başlanılandan bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10,161 nəfər təşkil edib.

Ötən ilin 27 dekabrından etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında peyvəndlənmə prosesi aparılır.

TƏBİB bildirir ki, ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinə yoluxma halları qeydə alınmaqdadır.

“Epidemioloji vəziyyətin təhlili göstərir ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə olunur. Bunu nəzərə alaraq, ötən ilin 27 dekabr tarixindən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır”, məlumatda qeyd edilir.

Ekspertlərin fikrincə, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan qızılca, parotit, məxmərək peyvəndi ilə aparılır.

“6 yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin isə 1-ci və 2-ci dozası arasında müddət minimum 4 həftə olmalıdır. Daha öncə qızılca, parotit, məxmərək peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir”, TƏBİB bildirir.

Dövlət Statistika Komitəsindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, ötən ilin 11 ayı ərzində Azərbaycanda 1 493 nəfər qızılcaya yoluxub. 2022-ci ildə isə cəmi bir hal qeydə alınmışdı.

Yerli medianın məlumatına görə, son aylarda qızılcadan ondan çox insan vəfat edib.

Azərbaycan Səhiyyə Nazirliyi həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.

“Qızılcadan vəfat edənlərin əksəriyyəti peyvənd olunmayan insanrdır”, itbb elmləri doktoru Adil Qeybulla bildirib.

Azərbaycan televiziyasının məlumatına görə, yalnız Lənkəran rayonunda son zamanlar 477 nəfər qızılca xəstəliyinə tutulub və hazırda 28 nəfər stasionar mülaicə alır.

Forum

XS
SM
MD
LG