Accessibility links

Rüfət Səfərov: Vətəndaş cəmiyyətinə və mediaya qarşı zorakı siyasət yürüdülür


Rüfət Səfərov: Vətəndaş cəmiyyətinə və mediaya qarşı zorakı siyasət yürüdülür
please wait

No media source currently available

0:00 0:06:57 0:00

“Müdafə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində jurnalistlərin və fəalların son həbslərindən danışıb.

Amerikanın Səsi: Son həbslərə münasibətiniz necədir? Yenə qaçaqmalçılıq ittihamı irəli sürülüb?

Rüfət Səfərov: Bu, ümumi repressiv siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Son bir il ərzində Azərbaycanda siyasi yükə malik olan təqiblər pik nöqtəsinə çatıb. Siyasi məhbusların sayı 300-ə yaxınlaşıb. Ötən gün növbəti hədəf kimi Toplum TV və vətəndaş cəmiyyətinin təmsilçiləri olan III Respublika Platforması repressiyaya məruz qaldı. Axtarışlar aparıldı, saxlanılan şəxslər var. Təsəvvür edin ki, evlərdə axtarış aparılır, müdafiəçilər, vəkillər cəlb edilmir. Onları zorakılığa məruz qoyurlar. Vəkillərin, ailə üzvlərinin iştirakı olmadan polis mənzilə daxil olur, oradan istədiyi miqdarda vəsait çıxarır. İşin daha ağır tərəfi budur ki, borc içində yaşayan, sosial vəziyyəti ağır olan jurnalistlərin evlərindən külli miqdarlar çıxarılır. Bu, əlbəttə bütövlükdə vətəndaş cəmiyyətinə və mediaya qarşı hakimiyyətin yürütdüyü növbəti zorakı siyasətdir.

Amerikanın Səsi: Abzas Media internet nəşrinin əməkdaşlarının həbsindən sonra Toplum TV-nin əməkdaşları həbs edilib. Bununla yanaşı Azərbaycan iqtidarı insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Sizcə jurnalistlərin, həmçinin III Respublika Platformasının üzvlərinin həbsi nə ilə bağlıdır?

Rüfət Səfərov: Ümumiyyətlə Azərbaycan hakimiyyəti heç bir zaman ölkədə siyasi və ya vicdan məhbusunun olduğunu qəbul etməyib. Amma baş verən hadisələr onu göstərir ki, saxlanılan tənqidçilər ya peşə fəaliyyətinə, ya əqidəsinə, ya dini inancına, ya da siyasi pozisiyasına görə saxlanılır. Toplum TV-yə, III Respublika Platformasına qarşı bu münasibət hakimiyyətin növbəti zorakı və repressiv münasibətidir. Bu da onunla əlaqədardır ki, Bakıda, Azərbaycanda azsaylı azad onlayn media resursu qalmışdı ki, onlardan biri də Toplum TV idi. Demək olar ki, cəmiyyətin tribunasına çevrilmişdi. Tənqidçi çevrələrin, müxalif aktivistlərin, hüquq müdafiəçilərinin gündəlik özünü ifadə etdiiyi bir məkan idi. Görünür Azərbaycan hakimiyyəti şəhərin mərkəzindən tənqidi tribunanı görmək istəmədi və bu prosesə dözmədi. III Respublika Platforması isə bir neçə ay bundan qabaq elan olunmuşdu. Həmtəsisçilər buna qədər də Azərbaycan hakimiyyətinin bu və ya digər siyasətini tənqid edən şəxslərdir. Yeni hədəflər, yeni proqram, konsepsiyalar ortaya qoymuşdular. Hələ platforma inkişaf etməmiş Azərbaycan hakimiyyəti bəri başdan boğma siyasətinə üstünlük verdi və platformanın spikeri Akif Qurbanov saxlanıldı. Onun evindən guya hansısa miqdarda vəsaitlər çıxarılıb. Qaçaqmalçılıq ittihamı irəli sürülüb. Son zamanlar bu artıq vətəndaş cəmiyyətinə, media mənsublarına qarşı irəli sürülən növbəti ittiham xarakteri alıb. Bir məsələni xüsusilə qeyd edim ki, Akif Qurbanovun vəkili Şəhla Hümbətova istintaq hərəkətində, yəni axtarış və baxışda iştirak etmək istəyib. Onu nəinki mənzilə yaxın buraxıblar, hətta 6 polis nəfəri vəkili zorakılıqla sürüyərək axtarış aparılan məkandan kənarlaşdırıb.

Amerikanın Səsi: Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatları Toplum TV nəşrinin əməkdaşlarının həbsindən əvvəl, martın 5-də Azərbaycanı Avropa məkanında jurnalistlərin ən çox həbsdə olduğu ölkə kimi xarakterizə edib. Sizin münasibətiniz necədir?

Rüfət Səfərov: Xural TV-nin rəhbəri Əvəz Zeynallıdan başlayaraq Kanal 13, Abzas Media və nəhayət Toplum TV-yə göstərilən münasibət onu ortaya qoyur ki, Azərbaycan hakimiyyəti sadəcə ölkədə hakimiyyətin nəzarətindən kənarda olan rəsmi media siyasətinə öz tərzini uyğunlaşdırmayan jurnalistləri görmək istəmir. Məsələ budur. Adını çəkdiyim media resursları müstəqil media resurslarıdır. Heç şübhəsiz ki, alternativ tənqidi fikrə meydan verən tribunalardır. Təkcə Avropanın siyasi və hüquqi mexanizmləri yox, dünyada tanınmış etibarlı hüquq müdafiə təşkilatları da artıq Azərbaycanı azad olmayan ölkələr siyahısına salıb. Bu gün bizim ölkəmiz Suriya, Myanma, Türkmənistanla müqayisə olunur. Buna əsas verən hakimiyyətin yürütdüyü siyasətdir. Bu repressiv siyasətin içində mediaya qarşı şiddətli və zorakı siyasət ayrıca bir komponentdir.

Amerikanın Səsi: Bir sıra hüquq-müdafiə təşkilatları ölkədə siyasi məqsədlərlə 250-dən çox insanın həbsdə olduğunu bəyan edir. Sizcə bu kimi həbslərin qarısını almaq üçün nə edilməlidir?

Rüfət Səfərov: Bunun cavabını Azərbaycan hakimiyyətindən soruşmaq lazımdır. Birinci növbədə demokratik quruluşa təminat verilməlidir. Fundamental təməl azadlıqlarına hörmət ruhunda siyasət aparılmalıdır. Hakimiyyətlərin arasında balans qorunmalıdır. Amma biz nəyi görürük? Hakimiyyətin digər qolları məhkəmə və bu gün repressiya siyasətini həyata keçirən hüquqi alətlər, mərkəzlər, hüquq-mühafizə orqanları siyasətdən kənarda olmalıdır. Bayaqdan danışdığımız bu repressiya siyasəti əslində Azərbaycanda ali icra hakimiyyətinin siyasi iradəsi nəticəsində müəyyən olunur. Siyasətə qatılan hüquq-mühafizə orqanlarının rəhbərliyi isə bu siyasi iradəyə uyğun olaraq repressiv siyasətini yürüdür. Ölkəmizdə hüquq qaydası, hüquqi dövlət modeli bərqərar olmalıdır. Heç şübhəsiz ki, fundamental haqlar, seçmək və seçilmək hüququna hörmət edilmədidir. Söz və fikir azadlığı, mətbuat və məlumat azadlığı, insanların cəmiyyətin, dövlətin siyasi həyatında iştirakçılıq haqqı tanınmalıdır. Qeyd etdiyim bu azadlıqlar konstitusiyada təsbit edilmiş hüquqlardır. Hansı ki, buna da Azərbaycan hakimiyyəti çox təəssüf ki, hörmət etmir.

Qeyd: Bu, hüquq müdafiəçisi Rüfət Səfərovun fikirləridir. Azərbaycan rəsmiləri ölkədə bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat asadlığının tam təmin edildiyini bildirir. Ölkə rəhbərləri Azərbaycanın Avropa hüquq məkanında olduğunu, iradəsinə görə insanların təqib edilmədiyini bəyan edir. Siyasi məhbus məsələsi ilə bağlı isə yerli və beynəlxalq tənqidləri qərəzli sayır.

Bununla yanaşı "Freedom House" təşkilatının qlobal azadlıq indeksində Azərbaycan 100 mümkün baldan yalnız 7 bal toplayraq azad olmayan ölkələr sırasında yer alıb.

Sərhədsiz Reportyorlar təşkilatının Ümumdünya Mətbuat Azadlığına dair indeksində isə Azərbaycan 180 ölkə arasında 151 yerdə sıralanıb.

Forum

XS
SM
MD
LG