Accessibility links

ABŞ və Böyük Britaniya universitetlərinin professorları Qubad İbadoğlu ilə bağlı Antoni Blinken və Devid Kamerona müraciət ünvanlayıblar


Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)
Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)

ABŞ-da çalışan 22 professor Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlunun azad olunması çağırışı ilə müraciət imzalayıblar.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, 2 universitetin - Duke University və University of North Carolina at Chapel Hill-in professorları Qubad İbadoğlunun azadlığa buraxılmasına yardım etməsi üçün ABŞ dövlət katibi Antoni Blinkenə müraciət ünvanlayıblar.

Qalib Toğrul qeyd edib ki, Q.İbadoğlu vaxtilə həmin universitetlərdə çalışıb.

Professorların ünvanladığı müraciətdə Qubad İbadoğlunun qanunsuz həbsindən 250 gün ötməsi, səhhətinin ağır vəziyyətdə olması, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının onu ziyarət etməsinə imkan verilməməsi xatırladılır və bütün beynəlxlaq təşkilatlar və hökumətlər professorun azadlığa buraxılması və ona adekvat tibbi yardım göstərilməsi və ədalətli və şəffaf məhkəmə üçün hərəkətə keçməyə çağırılır.

"Biz bilirik ki, o, Azərbaycanda neft gəlirlərinin xalqın rifahı naminə şəffaf xərclənməsini tələb edən prinsipal adamdır. Biz onun tədqiqatları ilə fəxr edir və hazırda məruz qaldığı əzab-əziyyətlərə görə kədərlənirik", müraciətdə deyilir.

Müraciətdə ABŞ-lı alimlərin Azərbaycan hökümətinə dəfələrlə professor Qubad İbadoğlunun həbsdən azad edilməsi ilə bağlı çağırış etdikləri, lakin bunun nəticəsiz qaldığı da vurğulanır.

Böyük Britaniyanın iki universiteti də qanunsuz həbsdə saxlanılan professor həmkarlarının azad olunması ilə bağlı rəsmi mövqe ifadə ediblər.

London İqtisadi və Siyasi Elmlər Məktəbi (The London School of Economics and Political Science) və Oksford Universiteti (Oxford University) həbsindən 250 gün ötən professor Qubad İbadoğlunun azad olunması prosesinə töhfə verməsi xahişi ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kamerona müraciət ünvanlayıblar.

Müraciətdə Qubad İbadoğlunun səhhətinin kəskin pisləşdiyi, həyati təhlükəsinin davam etdiyi vurğulanır və onun tezliklə həbsdən azad olunması üçün Böyük Britaniya hökumətinin əlindən gələni etməsinə çağırış olunur.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG