Accessibility links

Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin səhhətindəki problemlərə görə Avropa Məhkəməsinə müraciət olunub


Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert
Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

Mayın 23-də "Toplum" TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından qardaşına zəng edib.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Nəsimi Məmmədli bildirib.

“Saxlanma şəraitindən narazılığı olmasa da, səhhətindəki problemin onu getdikcə daha çox narahat etdiyini bildirdi. Təcridxanada ümumi qan analizləri götürülüb və ultrasəs müayinəsi olunarkən orqanizmdə bir sıra mənfi dəyişikliklər təsdiq olunub. Mədəaltı vəzin, qaraciyərin və qalxanvarı vəzin ölçülərində və funksiyasında dəyişiklik var”, o qeyd edib.

Nəsimi Məmmədli deyib ki, xüsusilə də qalxanvarı vəzində aşkar olunan 23 mm-lik düyündən iynə biopsiyasının götürlməməsinə görə narahatlığı davam edir.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin səhhətindəki problemlərə görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunub.

“Eyni zamanda dünən effektli müalicəsinə özəl klinikalarda başlanılması üçün ev dustaqlığı ilə bağlı vəkillər tərəfindən vəsatət verilib. Əldə olunan tibbi sənədlər də vəsatətə əlavə olunub. Məhkəmə bu həftənin sonu yaxud da gələn həftənin əvvəlinə təyin olunacaq. Xatırladaq ki, sabah Ələsgər bəyin doğum günüdür”, Məmmədlinin qardaşı deyib.

Öz növbəsində, Penitensiar Xidmət rəsmi olaraq Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib. Penitensiar Xidmətin Müalicə Müəssisəsi isə məlumat almaq üçün nəzərdə tutulan telefonlarına cavab vermir.

Ələsgər Məmmədli martın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl, martın 6-da "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.

Forum

XS
SM
MD
LG