Accessibility links

Beynəlxalq Valyuta Fondu Qubad İbadoğlunu Vaşinqtona dəvət edib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Beynəlxalq Valyuta Fondu (BVF) 9 aylıq həbsdən sonra polis nəzarətində olan iqtisad elmləri doktoru Qubad İbadoğlunu sentyabrın 10-11-də keçiriləcək məsləhətləşmələr üçün Vaşinqtona, Fondun baş ofisinə dəvət edib.

Bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul məlumat yayıb.

“Bu günədək olan fəaliyyətinizi nəzərə alaraq Sizi ölkənizdə iqtisadiyyatın hazırkı durumunu daha yaxşı başa düşmək üçün dəvət edirik. Səfər çərçivəsində Fondun rəhbər və işçi heyəti ilə görüşləriniz nəzərdə tutulub. Biz sizinlə qlobal və regional iqtisadi məsələlər və gələcək dövrdə birlikdə daha yaxşı işləmək üçün fikir mübadiləsini səbrsizliklə gözləyirik”, Qalib Toğrul dəvət məktubuna istinadən bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli dəvətə baxmayaraq, Qubad İbadoğlunun Vaşinqton səfərinin baş tutması sual altındadır.

“Çünki hazırda qardaşımın nəinki Azərbaycandan çıxışına qadağa qoyulub, hətta ölkədaxili hərəkəti üçün də məhdudiyyətlər (qeydiyyatda olduğu yaşayış yerindən başqa yerə getməklə bağlı polisin razılığının alınması, həftənin 2 günü polis bölməsinə gedib imza atması lazımdır) müəyyənləşdirilib. Məhz elə bu səbəblərdən qardaşım başqa bir tədbirdə - qərargahı Vaşinqtonda yerləşən Dünya Demokratiya Hərəkatının Rəhbər Komitəsinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən iclasında iştirak edə bilmədi”, o qeyd edib.

Bu günlərdə Avropa İttifaqının xarici əlaqələr xidməti Azərbaycan hakimiyyətini Qubad İbadoğlunun səyahət qadağasını ləğv etməyə çağırıb

Bundan öncə isə ABŞ Dövlət Departamenti və çoxsaylı beynəlxalq təşkilatlar Qubad İbadoğluya qarşı qoyulmuş məhdudiyyətlərə son verilməsinə çağırıb.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Bu il aprelin 22-də məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı tədbiri ilə əvəz edib. Daha sonra ev dustaqlığı imkan tədbiri müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

Mayın 20-də Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG