Accessibility links

“Abzas Media” həbs edilən iqtisadçı Fərid Mehralızadəyə azadlıq tələb edir


 Fərid Mehralızadə, iqtisadçı
Fərid Mehralızadə, iqtisadçı

Qaçaqmalçılıq ittihamı ilə həbs edilmiş iqtisadçı Fərid Mehralızadənin “Abzas Media”nın işi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə “Abzas Media” internet nəşrinin müvəqqəti rəhbərliyinin yaydığı bəyanatda deyilir.

Fərid Mehralızadənin iyunun 1-də “Abzas Media” əməkdaşlarına qarşı qaldırılan cinayət işi üzrə çərçivəsində saxlanıldığı bildirilir.

“Abzas Media”nın altı jurnalisti həbs edildikdən sonra bu nəşrlə əlaqəsi olmayan onlarla şəxs istintaqda dindirilməyə çağırılıb. Bu iş üzrə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və parlamentin fəaliyyətinin monitorinqini həyata keçirən platformanın rəhbəri İmran Əliyev də həbs olunub”, bəyanatda qeyd edilir.

"Fərid Mehralızadənin də “Abzas Media” ilə heç bir əlaqəsi olmayıb, o, bir neçə dəfə saytımıza açıqlama verən yüzlərlə ekspertdən biri kimi suallarımızı cavablandırıb. İqtisadçı paralel olaraq hökumətə yaxın media orqanlarında da ekspert kimi çıxış edib", sənəddə bildirilir.

"Biz Azərbaycan hökumətini vətəndaş cəmiyyəti fəallarını heç bir sübut olmadan, saxta faktlar düzəltməklə “Abzas Media işi”nə cəlb edilməsinə son verməyə çağırırıq. “Abzas Media”nın şərlənərək həbs edilmiş əməkdaşları Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı (Abbasova), Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova daxil olmaqla, repressiyaya məruz qalmış bütün digər şəxslərin dərhal azadlığa buraxılmasını tələb edirik", nəşrin bəyanatında bildirilir.

Nəşrin bəyanatına rəsmi qurumlar hələ münasibət bildirməyib.

İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Həyat yoldaşı Nərgiz Muxtarovanın məlumatına görə, ona qarşı "Abzas Media işi" ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG