Accessibility links

Suriyadan 6 Azərbaycan vətəndaşı repatriasiya olunub


Suriya
Suriya

İyunun 4-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir”, nazirlik qeyd edir.

Bundan öncə, mayın 14-də Suriyanın münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan vətəndaşı ölkəsinə repatriasiya olunub.

Rəsmi məlumatlara görə, bu günədək İraq və Suriyadan 411-i uşaq və 38-i qadın olmaqla cəmi 459 nəfər vətəndaşın Azərbaycana repatriasiyası həyata keçirilib.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. 2023-cü ilin martında Bağdad həbsxasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audio müraciətləri yayılıb.

Forum

XS
SM
MD
LG