Accessibility links

Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayının 303 nəfərə çatdığı bildirilir


Həbsxana
Həbsxana

İyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 303 nəfərin adı daxil edilib.

Bu, qurumun bu il martın 18-də dərc etdiyi siyasi məhbus siyahısından 16 nəfər çoxdur.

Ötən üç ay ərzində siyahıdan müxalifətçi siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun adı çıxarılıb. Belə ki, onun barəsində həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə tədbiri ilə əvəz edilib. Amma cinayət təqibinə son verilməyib.

Siyahıya 17 yeni ad daxil edilib. Bunlar hüquq müdafiəçisi Anar Məmmədli, meclis.info onlayn platformasının rəhbəri İmran Əliyev, iqtisadçı Fərid Mehralızadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Sahib Məmmədzadə və Mehman Əliyev, ictimai fəallar Elşən Kərimov və Laçın Vəliyev, həmçinin qolları iflic olan ictimai fəal Famil Xəlilovdur. Digər 9 nəfər isə dindarlardır.

303 siyasi məhbus 8 qrupa ayrılıb.

1-ci qrupa 20 nəfər jurnalistlər və blogerlərin, 2-ci qrupa 3 nəfər hüquq müdafiəçisinin, 3-cü qrupa 28 nəfər müxalifət partiyalarının və hərəkatlarının üzvlərinin, 4-cü qrupa 5 nəfər Almaniyadan deportasiya edilmiş siyasi mühacirin, 5-ci qrupa 216 nəfər dindarın, 6-cı qrupa 7 nəfər “Tərtər işi" üzrə mühakimə olunanların, 7-ci qrupa 13 nəfər "Gəncə işi” üzrə mühakimə olunanların, 8-ci qrupa 11 nəfər ömürlük məhkumların adı daxil edilib.

Siyahını keçmiş “vicdan məhbusları” - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, yeni siyahıda siyasi təqiblə həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin, jurnalistlərin, blogerlərin, ictimai fəalların və dindarların sayı artıb.

“Həbslər qanunsuz şəkildə keçirilir. Polislər işi protokollaşdırıb məhkəməyə verir. Məhkəmələr sadəcə ittihamları təsdiqləyir və mühakimə edir. Mən bütün günahları qeyri-müstəqil, sifarişli məhkəmələrdə görürəm. Konstitusiyanın 125-ci maddəsində (Məhkəmə hakimiyyətinin həyata keçirilməsi) yazılıb ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyi şəraitində baxmalıdır. Amma həbs edilənlər arasında bir nəfər əlil, bir neçə nəfər cavan qız var. Bunların heç biri ev dustaqlığına buraxılmır. Müqayisə üçün deyim ki, bu ilin yanvarında Respublika Doğum Evində yanğın oldu. Yanğın nəticəzində 4 nəfər körpə ölüb, 60 nəfərə yaxın insan xəsarət aldı. Amma Doğum Evinin 3 nəıfər rəhəbərliyi birinci məhkəmədə ev dustaqlığına buraxılıb. Bu qədər ağır cinayətə görə həbsdə olan yoxdur. Amma bir ictimai fəal bir blok yazmağı ilə narkotik ittihamı ilə həbs edilir, ev dustaqlığına da buraxılmır. Müqayisə edin, məhkəmələrin ədaləti budur. Ağır cinayətlər törədənləri ev dustaqlığına buraxır, amma tənqidi bloq yazanı həbsdə saxlayır”, hüquq müdafiəçisi qeyd edib.

2000-ci illərin əvvəllərindən ilk dəfə olaraq Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin sayı 300 nəfəri ötüb.

Azərbaycanda son aylarda fəalların və jurnalistlərlərin həbsi çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Bu il aprelin 3-də ABŞ Dövlət katibi Antoni Bilinken ilə Prezident İlham Əliyev arasında telefon danışı zamanı Dövlət katibi Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Aprelin 4-də isə Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

“Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, mətbuat xidməti bildirib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG