Accessibility links

Rəsmi Pekin: Çin-Azərbaycan strateji tərəfdaşlığı münasibətlərimizin tarixində mühüm mərhələdir


Mao Nin (Mənbə: Çin Xarici İşlər Nazirliyi)
Mao Nin (Mənbə: Çin Xarici İşlər Nazirliyi)

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin iyulun 5-də ənənəvi mətbuat konfransında China Daily rəsmi dövlət nəşrinin sualının cavabında bildirib ki, iki dövlət başçısının Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin yaradılması haqqında bəyanatı iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələdir.

“Hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərini qarşılıqlı siyasi dəstəyin daha da gücləndirilməsi, əsas xətt kimi “Bir kəmər, bir yol”un keyfiyyətli tikintisi daxil olmaqla, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq məsələlərdə səmərəli əlaqələndirmənin həyata keçirilməsi, hər iki xalqın mənfəəti naminə Çin-Azərbaycan strateji tərəfdaşlığının sağlam və sabit inkişafı üçün başlanğıc nöqtəsi kimi qəbul edəcək”, o qeyd edib.

Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Çin və Azərbaycan diplomatik əlaqələri 2 aprel 1992-ci ildə qurulub.

"Sədr Şi Tsinpinin dediyi kimi, son 30 ildən artıq müddətdə ikitərəfli münasibətlər sağlam və davamlı inkişaf edib, iki ölkə arasında səmərəli əməkdaşlıq olub və ikitərəfli münasibətlər daha böyük strateji əhəmiyyət kəsb edib. Xüsusilə son illərdə Prezident Şi Tsinpin və Prezident İlham Əliyev arasında tez-tez fikir mübadilələri aparılıb və ikitərəfli münasibətlərə strateji istiqamətlər verilib. İki ölkə bir-birinin suverenliyi, ərazi bütövlüyü və digər əsas maraqları ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İkitərəfli ticarətin həcmi təxminən bir milyon ABŞ dolları səviyyəsindən yüksələrək bir milyard dolları ötüb. İki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), BMT çərçivəsində sıx əlaqələrə və əməkdaşlığa malikdir. Bunun fonunda Çin-Azərbaycan münasibətlərinin keyfiyyətcə yaxşılaşması təbii haldır”, o qeyd edib.

İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan və Çin liderləri “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə" imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan və Çin yekdilliklə hesab edir ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib.

“Tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər”, birgə bəyannamədə qeyd edilir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG