Accessibility links

Avropa ölkələrinin səfirləri AXCP sədri ilə görüşüb


Əli Kərimli, səfirlər Fergus Auldi və Peter Mixalko (Mənbə: Sosial şəbəkə)
Əli Kərimli, səfirlər Fergus Auldi və Peter Mixalko (Mənbə: Sosial şəbəkə)

Avqustun 12-də bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasılnın (AXCP) sədri Əli Kərimnli ilə görüşüb.

AXCP sədri bildirib ki, əvvəlcə Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auldi ilə görüşü olub.

“Görüşdə AXCP ətrafında yaranmış vəziyyət, partiyanın fəaliyyətinə yaradılan maneələr, mənə qarşı başlanmış cinayət işi, parlament seçkilərini AXCP-nin boykot etməsi, ölkədəki irimiqyaslı repressiyalar və bütövlükdə ictimai-siyasi vəziyyət, Azərbaycan-Böyük Britaniya münasibətləri müzakirə olundu”, o, Facebook səhifəsində qeyd edib.

Kərimlinin sözlərinə görə, Avropa İttifaqının Bakıdakı nümayəndəliyində səfir Peter Mixalkonun təşkilatçılığı ilə Avropa İttifaqına üzv dövlətlərin səfir və digər diplomatları ilə də ətraflı görüşü olub.

“Avropa İttifaqına üzv ölkələrin səfirlərilə görüşümüzdə də mənə qarşı başladılmış cinayət işi, partiyamızın fəaliyyətilə bağlı davam edən məhkəmə işləri, Tofiq Yaqublu başda olmaqla, siyasi məhbusların taleyi, parlament seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycan-Avropa İttifaqı münasibətləri ətraflı müzakirə olundu”, o qeyd edib.

Görüşdə AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzi də iştirak edib.

Səfirlərin AXCP sədri ilə görüşü onun barəsində avqustun 13-də xüsusi ittiham qaydasında keçiriləcək məhkəmədən bir gün öncəyə təsadüf edir.

Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində bu partiyanın Nəzarət-Təftiş Komissiyasının sədri olmuş Aydın Əliyev xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsinə müraciət edib.

Hazırlıq iclası avqustun 13-də hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək.

İddiaçı Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanmasını istəyir.

Cinayət işinin sanksiyasına görə, ittiham edilən şəxs yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AXCP bəyan edir ki, indiyə qədər olduğu kimi bundan sonra da heç bir “təzyiq, repressiya onu Azərbaycan xalqının hüquq və azadlıqları, Azərbaycanın demokratiyaya qovuşması uğrunda prinsipial mübarizədən çəkindirməyəcək".

AXCP beynəlxalq birlikdən partiya və onun sədrinə qarşı başlanmış bu qanunsuz hərəkətləri diqqətlə izləməyi, “avtoritar Əliyev rejimini durdurmaq üçün təsirli tədbirlər görməyi” gözləyir.

Xatırladaq ki, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün şəxslərin qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG