Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiyanın ölkənin regionlarını hədəf alan 78 pilotsuz uçuş aparatından 60-nı vurub.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, dronlar Çerkassı, Çerniqov, Dnipropetrovsk, Xarkiv, Xerson, Kirovoqrad, Kyiv, Poltava, Vinnitsa, Zaporijjya və Jitomir vilayətləri üzərində vurulub.
Dnipropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram-da Rusiyanın hücumunun infrastruktur obyektinə ziyan vurduğunu və nəticədə bir nəfərin yaralandığını bildirib.
Xersonda rəsmilər iki tibb müəssisəsini vuran və iki nəfərin yaralanması ilə nəticələnən Rusiya zərbələri barədə məlumat veriblər.
Poltava qubernatoru Filip Pronin Telegram-da Rusiya qüvvələrinin təhsil müəssisəsini vurduğunu bildirib, lakin itkilər barədə məlumat verməyib.
Rusiya Müdafiə Nazirliyi cümə axşamı Belqorod vilayəti üzərində bir raket və iki Ukrayna pilotsuz aparatını vurduğunu bildirib. Belqorod qubernatoru Telegram-da bir evə ziyan dəydiyini və bir nəfərin yaralandığını deyib.
Müdafiə Nazirliyi həmçinin bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində üç pilotsuz aparatı və Bryansk səmasında iki dron vurub.
Ukrayna parlamenti cümə axşamı xarici işlər naziri Dmitri Kulebanın istefasını qəbul etməyə səs verib, o, hökumətin dəyişməsi fonunda vəzifəsini tərk etməyi təklif edib.
Ukrayna prezidenti Volodimir Zelenski yeni xarici işlər naziri vəzifəsinə Kulebanın müavini Andrey Sibihanı təklif edib.
Ukrayna parlamenti bu həftə həmçinin Nazirlər Kabinetinin daha dörd nazirinin istefasını qəbul edib.
"Bizə yeni enerji lazımdır və bu addımlar yalnız dövlətimizin müxtəlif sahələrdə gücləndirilməsi ilə bağlıdır", Zelenski çərşənbə günü jurnalistlərə dəyişikliklərlə bağlı sualı cavablandırarkən deyib.
Forum