Accessibility links

Müsavat Partiyası Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunu Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırır


Müsavat Partiyası
Müsavat Partiyası

Müsavat Partiyası oktyabrın 7-də keçirilən iclasında Fransada azərbaycanlı siyasi mühacirin öldürülməsini, ölkədə repressiyaları, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun bəyanatını pisləyib. Partiya ABŞ konqresmenlərinin Azərbaycanda insan hüquqları ilə bağlı mövqeyini dəstəkləsə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqelərini dəstəkləməyib.

Partiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, Müsavat Partiyası siyasi mühacir Vidadi İsgəndərlinın Fransada qətlə yetirilməsinin cəmiyyətdə ciddi narahatlıq doğurduğu bildirib, Fransanın müvafiq qurumlarına qətlin obyektiv araşdırılaraq cinayətkarların tapılmasına çağırıb.

“Ölkədə repressiyaların davam etməsi pislənilir. Qeyd edilib ki, sabiq deputat Nazim Bəydəmirli əsassız olaraq 8 il azadlıqdan məhrum edilib. Gənc fəal Ülvi Həsənliyə qarşı həbsxanada təzyiqlər artırılıb. “Abzas Media”, “Toplum TV” əməkdaşlarının və digərlərinin həbs müddəti növbəti dəfə uzadılıb, bununla da həmin işlər üzrə əsassız tutulan şəxslərin faktiki olaraq məhkəməsiz cəzalandırılmasına rəvac verilib”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, Müsavat Partiyasında bir qrup ABŞ konqresmenlərinin Dövlət katibi Antoni Blinkenə müraciəti və Azərbaycan parlamentinin buna reaksiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

“Qeyd edilib ki, konqresmenlərin müraciətində Azərbaycanda siyasi məhbuslarla bağlı müddəa əsaslı olsa da, Ermənistan-Azərbaycan münasibətləri haqda bəzi əsassız iddialar yer alıb”, məlumatda bildirilir.

Müsavat Partiyası Rusiya Xarici Kəşviyyat Xidmətinin direktoru Sergey Narışkinin Bakıya rəsmi səfəri çərçivəsində onun bir sıra iddiaları, o cümlədən “sistemdənkənar müxalifətə” qarşı Rusiya və Azərbaycan hakimiyyətlərinin birgə mübarizə aparacağı barədə açıqlaması Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə kimi qiymətləndirib.

“Müsavat Partiyası Azərbaycan hakimiyyətindən ölkədə siyasi məhbusları azad etməyi və insan haqlarının təmin olunması ilə bağlı öhdəliklərə əməl olunmasını tələb edir. Müsavat həmçinin Azərbaycana qarşı əsassız ittihamlara rəvac verməmək üçün regionda normallaşma prosesini və Ermənistanla sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırır”, məlumatda qeyd edilir.

Oktyabrın 2-3-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda rəsmi səfərdə olub.

“Rusiyada və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xarici kəşfiyyat xidmətlərinin qeyri-sistemli müxalifət və beynəlxalq terror təşkilatlarından istifadəsinə qarşı birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib. Danışıqlarda əldə olunan razılaşmalar Rusiya Xarici Kəşfiyyat Xidmətinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Xarici Kəşfiyyat Xidməti və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətinin inkişafına, dərinləşməsinə və səmərəliliyinin artırılmasına töhfə verəcək”, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Mətbuat bürosunun məlumatında deyilir.

Rəsmi Bakı Sergey Narışkinin Azərbaycana səfəri ilə bağlı məlumat yaymayıb. Azərbaycan rəsmiləri insan hüquqları və repressiyalarla bağlı tənqidləri isə qəbul etmir, qərəzli adlandırır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG